Tanınmış aktyordan fəxri ad ŞƏRTİ: “O titullar sənətdən xəbəri olmayanlara veriləcəksə…”

“Fəxri adların olması yaxşıdır, amma bir şərtlə ki, bu adı daşımağa layiq olan sənətkarlara verilsin”.

Bu sözləri son vaxtlar intensivliyi artan fəxri adların ləğv olunması ilə bağlı müzakirələrə qatılan tanınmış aktyor Əjdər Zeynalov Yenicag.az-a açıqlamasında deyib.

43 illik sənət təcrübəsi olan aktyor fəxri adların verilməsinin bir şərtlə tərəfdarı olduğunu bildirib:

“Fəxri adların olması yaxşıdır, amma bir şərtlə ki, bu adı daşımağa layiq olan sənətkarlara verilsin. 43 ildir peşəkar aktyor kimi bu sənətdəyəm. Məni hər yerdə xalq artisti kimi tanısalar da, əslində, heç bir fəxri adım yoxdur. Amma aralarında xalq artistləri də olan o qədər insan tanıyıram ki, məni görəndə utanırlar. Soruşurlar ki, sizə niyə fəxri ad verilmir?

Bu nöqteyi-nəzərdən yanaşsaq, fəxri adlara ehtiyac yoxdur. Layiqli insanlar dura-dura, sənətdən xəbəri olmayanlara, kimlərəsə, nəyəsə görə bu adlar veriləcəksə, ondansa verilməsin, ləğv olunsun. Yox, əgər fəxri adlara doğrudan da gerçək sənətkarlar layiq görüləcəksə, gözəldir, qoy verilsin.

Çünki əsl sənətkar da zəhmətinin qiymətini alanda, könlü xoş olur, ömrü uzanır, ruhlanır. Əməkdar artist fəxri adına görə 150, Xalq artisti adına görə 200 manat pul verilir. Bu, bir tərəfdən aktyor üçün maddi dəstəkdir. Onsuz da aktyorlar o yüksək məvacib almır ki deyəsən, yaxşı dolanırlar.

Sadəcə, birtəhər özlərini dolandırırlar. Yəni sözümün canı budur ki, layiq olmayan insanlara sağa-sola paylanacaqsa, fəxri adlar yığışdırılsa, yaxşıdır. Nəticədə də hər kəs öz zəhməti, əməyi, istedadı ilə işini sübuta yetirər. Layiq olanlar alacaqsa, qalsın”.

Cəvahir

COP29