Tanınmış aktyordan SENZURA TƏLƏBİ: “Nə qədər ki, onların üzünə qapı açıqdır…”

“Televiziyalar belə insanları efirə çıxarmamalı və aktyor kimi təqdim etməməlidir. Qeyri-peşəkarları verilişə çağırıb aktyor deyirlər. Aktyor deyil, həvəskar deyin…”

Bu fikirləri xüsusilə son vaxtlar qeri-peşəkar insanların aktyor kimi meydana atılması və bunun fəsadlarından danışarkən tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.

O, qeyri-peşəkarların üzünə qapılar açıldıqca, film və serial bazarında irəli getmək əvəzinə geriləyəcəyimizi bildirib:

“Qeyri-peşəkarların seriallara cəlb olunması film və serialların vəziyyətindən xəbər verir. Tamaşaçı keyfiyyətli məhsul tələb edir, amma keyfiyyətli məhsul heç vaxt belə qeyri-peşəkarlar tərəfindən ərsəyə gəlməyəcək. Bunu birdəfəlik bilsinlər. Həmişə demişəm, yenə təkrar edirəm, senzura, bədii şura ciddi şəkildə bərpa olunmalı, öz işini görməlidir. Bu, qeyri-peşəkarlar yalnız aktyorluq sahəsini əhatə etmir. Onlar ümumiyyətlə incəsənət sahəsindən uzaqlaşdırılmalıdırlar. Həm də təcili sürətdə… Nə qədər ki, onların üzünə qapı açıqdır, “pulunu ver, gəl filmini, yaxud da serialını çək, yayımla” fikri ilə dırnaqarası irəliləyəcəyiksə, bu, artıq irəliləmə yox, geriləmə olacaq. Necə ki, artıq geriləyirik. Hər kəs elə başa düşür ki, bu iş çox asandır və hər kəs aktyor ola bilər. Elə “hər kəs aktyor ola bilər” düşüncəsi ilə bugünkü filmlərimiz və seriallarımız xaricdə müqayisə olunmayacaq dərəcədədir.

Halbuki peşəkar aktyor, rejissor, ümumilikdə yaradıcı komanda da var. Sadəcə olaraq onları bir yerə cəm edib, ortaya keyfiyyətli məhsul çıxarmaq lazımdır”.

Cəvahir