“Küçədən gələn “aktyorla” peşəkar aktyora fərq qoymayan rejissorun təklifini niyə qəbul etməliyəm?”
Bunu yerli seriallarla bağlı fikirlərini bölüşərkən tanınmış aktyor, Əməkdar artist Sərvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Aktyor hər təklifi qəbul etmədiyini və şərtlərini öncədə açıqladığını bildirib:
“Artıq xərcləri çıxmasın deyə, saat 9-da hamını bir avtobusa yığıb aparırlar çəkiliş meydançasına. Aktyor məcburən axşama qədər oturub çəkiliş vaxtını gözləməli olur. Bəzən vaxt çatdıra bilmirlər ki, çəkilişi başa vura bilsinlər. Bunun üçün də mən deyirəm ki, qardaş, məni saat 9-dan aparıb yanında otuzdurma, çəkiliş zamanım nə vaxtdırsa, onda gəlim. Oturub saatlarla gözləyəndə yoruluram, şəkərim yüksəlir, gərginlik keçirirəm. Küçədən gətirib kimisə çəkirlər, o da qeyri-peşəkar olduğu üçün saatlarla vaxt gedir. Nəticədə peşəkar aktyorun çəkilməsinə vaxt qalmır”.
Əməkdar artist yeni seriallarda eyni aktyorların çəkilməsinə qarşı da çıxıb:
“Bir rejissorun filminə baxırsan, eyni aktyor, eyni obraz… 4 filmdə eyni xarakterlə eyni sifəti görürük. Bu, çox mənfi haldır. Hansı ki, Azərbaycanda, əyalət teatrlarında nə qədər gözəl aktyorlarımız var. Niyə gətirib çəkmirlər?Deyirlər, gəlməyi-getməyi, şəhərdə qalmağı üçün pul istəyəcək, ondansa yanımda olan idmançı dostumu, nərd atdığım tanışımı çəksəm daha yaxşıdır”.
S.Əliyev aktyorlara verilən qonorarın azlığından da gileylənib:
“Qonorara gəlincə, mən hətta tələbə rejissorların diplom işlərinə pulsuz çəkilmişəm. Amma bunu deməmişəm. Hətta mənə bahalı və kaprizli kimi də baxırlar. Hər təklifi qəbul etmirəm, ssenarini oxuyandan sonra şərtlərimi açıqlayıram. Tərəf müqabilim kim olacağını souruşuram. Çəkiliş meydançasında rahatlığım üçün şərtimi açıqlayıram. Çünki elə gün olub çəkiliş vaxtıma qədər ayaqüstə qalıb gözləmişəm.
Küçədən gələn “aktyorla” peşəkar aktyora fərq qoymayan rejissorun təklifini niyə qəbul etməliyəm? Heç olmasa, peşəkar aktyorlara 100, əməkdar artistlərə 200-250, xalq artistinə isə 350-400 manat qonorar verilməlidir. Bu məbləğ serial çəkilişləri üçündür, amma film çəkilişləri üçün aktyorun günü 500 manatdan aşağı olmamalıdır. Biz peşəkar aktyoruq, bu sahədə canımızı qoymuşuq. Rusiyadan, Gürcüstandan, digər ölkələrdən, oradan-buradan aktyor dəvət edib, gününə 3-5 min manat pul verirlər. Nolub Azərbaycan aktyoruna. Bizim güclü, istedadlı aktyorlarımız var ki, hamısını ora cəlb etmək olar. Amma təəssülər olsun ki, filmlərə çox vaxt öz “klanları”, öz dostları, öz ətrafları çəkilir”.
Cəvahir