“Vaxt var idi: kimlərsə mənə həsrətlə baxırdı, indi mən onlara həsrətlə baxıram. Yetirmələrimin çoxu Əməkdar artistdir, mənimlə sənətə gələnərin çoxu Xalq artistidir, amma mənə hələ də haqqım olanları verməyiblər”.
Bunu Yenicag.az-a açıqlamasında Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev doğum günü ilə bağlı danışarkən deyib.
Uzun illərdir ömrünü teatra, səhnəyə həsr edən aktyor xoş günündə göz yaşlarına hakim ola bilməyib:
“Məni incidən səbəblər var: sual vermək istəyirəm, niyə, mənim günahım nədir ki, layiq olduğum qiyməti ala bilməmişəm? Axı mən ömrümü, canımı bu sənətə fəda etmişəm, sağlamlığımı qurban vermişəm. Ağır ürək əməliyyatı keçirmişəm, səhhətimdə ciddi problemlər var. Ağlamağı heç sevmirəm, amma olanı deyirəm, dərman pulumu güclə çatdırıram. Mən də fəxri təqaüd almaq, problemlərimi həll etmək istəyirəm. Bunlar axı mənim halal haqqımdır”.
Dolça bürcündə doğulan aktyor bu bürc altında doğulanların həddən artıq insanpərvər olduğunu da bildirib:
“Dolça bürcündə doğulan insanlar həddən artıq insanpərvər olur. Mən də belə olmuşam. Hətta gənclik illərimdə anam məndən soruşanda ki, kiminlə evlənmək istəyirsən, demişdim, sən kimi məsləhət bilsən. Çünki mənim üçün önəmli olan insani keyfiyyətlər idi. Anam seçimini düz etmişdi. Xoşbəxtəm ki, belə bir xanımım var”.
Cəvahir