“Rejissor düşünür ki, onsuz da keyfiyyət bundan artıq olmayacaq, ondansa, öz yaxınlarımı çəkim”.
Bu sözləri tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.
Aktyor bu gün çəkilən yerli serialların səviyyəsinin aşağı olmasının səbəblərini açıqlayıb:
“Bu gün seriallarımızda çatışmayan birinci məqam maddiyyatdır. Qalan çatışmazlıqlar da elə maddiyyatın yoxluğundan, qıtlığından qaynaqlanır; Serialların keyfiyyətinin aşağı olması, ssenarinin zəifliyi, aktyor olmayan qeyri-peşəkarların oyunu…
Maddiyyatı təmin edən tərəf yeyintiyə yol verilməməsi, pulun düzgün istiqamətə yönəlməsi, optimal aktyor seçiminə nəzarət etsə, o zaman ortaya keyfiyyətli iş çıxarmaq olar. O halda əsl ssenaristlər də üzə çıxacaq və zəhmətləri maddi cəhətdən normal dəyərləndirildiyi təqdirdə, işlərinə məsuliyyətlə yanaşacaqlar.
Hazırda seriallarda vəziyyəti “yolaverdi” adlandırmaq olar. Gündəlik çəkilən seriallar sənət nümunəsi deyil. Bu, eyni şey üzərində fırlanmaq deməkdir. O ki qaldı aktyorlara, bəzilərində məsuliyyətsizlik, kobud ifadə etsək, yekəbaşlıq var. Bəzən görürsən, “set”ə qeyri-peşəkar, məsuliyyətsiz yanaşır, istədiklərini danışırlar. Bir çox aktyorlar da haqlı olaraq, buna görə seriallardan uzaqlaşdırılır.
Çünki peşəkarlıq yalnız işin öhdəsindən gəlmək demək deyil, həm də məsuliyyət və ətrafındakılara hörmətlə yanaşmaqdır. Heç vaxt çəkilişlərə gecikməmişəm. Nizam-intizama riayət etmişəm, heç kimlə konfliktə girmirəm. Amma aktyorlar da var ki bəzən eyforiyaya qapılırlar, başlarından böyük hərəkət edirlər, nəticədə “set”dən uzaqlaşdırılırlar”.
O, qeyri-peşəkarların seriallarda müntəzəm rol almalarına da aydınlıq gətirib:
“Rejissorun, yaxud da “prodüserin dostu” deyə bir anlayış var, bu, yanlışdır. Baxırsan istedadsızdır, heç aktyor da deyil, amma mütəmadi seriallara çəkilir. Bunu da anlayırıq. Onlar tamaşaçıya aktyor kimi təqdim olunur və tamaşaçı da elə bilir, istedadlı aktyorlar yalnız o seriala çəkilənlərdən ibarətdir.
Xeyr, belə deyil. Bizim istedadlı aktyorlarımız var. Bəzən o aktyorlarımız xarici ölkələrdə filmlərə çəkiləndə, bizimkilər deyir, nə gözəl oynadı. Bu adam elə əvvəldən gözəl oynayırdı, sadəcə olaraq, onu o səviyyədə oynada bilən yox idi. Biz öz paltarımızı başqasının əynində görəndə, ona dəyər veririk. Amma öz əynimizdə olanda dəyər vermirik.
Bizdə bu sahə o qədər də inkişaf etmədiyinə görə rejissor düşünür ki, onsuz da keyfiyyət bundan artıq olmayacaq, ondansa, öz yaxınlarımı çəkim. Nəticədə də aşağı səviyyəli aktyorlara baxa-baxa, tamaşaçı zövqü də korlanır”.
Cəvahir