!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı: “Göz yaşlarımdan heç vaxt utanmamışam” MÜSAHİBƏ\VİDEO

!Reklam – Yazi

Özünü üç sözlə belə ifadə edir; ədalətli, emosional, mərhəmətli…

Getdiyi yolu bir də geri qayıtmağı sevməyən, üz çevirdiyi insanlara əsla dönməyən, haqsızlıqla barışa bilməyən, göz yaşlarından heç vaxt utanmayan tanınmış aparıcı Nurlana Cəfərovanın Yenicag.az-a müsahibəsini təqdim edirik…

– Şeir yazmaq qabiliyyətin də üzə çıxdı. “Hər İki Mən” adlı kitabında yer alan şeirlərində özəl etirafların varmı?

– Var əlbəttə. Amma hiss edib yaşadıqlarım kitabın 40-50 faizini təşkil edir. Digər faiz nisbəti müxtəlif insanlardan eşidib, dinlədiyim həyat hekayələridir.

– Şeirlərinin arasında ünvanlıları var?

– Sözsüz ki, var. Xüsusi bir adama ünvanlanmış misralar olduğu kimi, ümumiyyətlə, cəmiyyətimizə ünvanladığım şeirlərim yer alıb kitabımda.

– Olubmu, hisslərini kağıza köçürməyə ürək etməmisən və onları içində gizlətmisən?

– İçimdə gizlədiyim çox az şeylər var. İstər xoş, istərsə də kədərli anlarımda duyğularımı qələm-kağızla paylaşmağa alışmışam.

– Nə vaxtsa gizlin duyğularını şeir formasında üzə çıxarmağı düşünürsən?

– Gizlin duyğularımdan da yazıram. Bəzi hisslərimi əks etdirən şeirlərim “Hər İki Mən” kitabımda yer alıb. Təbii ki, gizli qalan şeirlərim də az deyil. Çünki həyat yaşadığımız anlardır. Hər anın özəlliyini kağıza köçürmək mənə zövq verir.

– Xoşbəxt və pozitiv görünən Nurlananın içindən əslində hansı Nurlana boylanır, hansı ki, onu biz görə bilmirik?

– Məncə, hamının daxilində çoxlu “mən”lər var. Hər kəsin tanıdığı mən, özümə tanış olan mən və hətta özümüzün belə tanımadığımız mən. Bunları düşünərək kitabımın adını eyniadlı şeirimdən seçmişəm. Özümüzə belə yad olan, “heç vaxt etmərik” dediyimiz səhvləri edən, çətin vaxtlarda gözləmədiyimiz adama döndüyümüz “mən”i görürük. Bu fəlsəfi yanaşma məni çox düşündürüb həmişə. Sualınıza gəldikdə isə, onu deyə bilərəm ki, daxilimdə aşırı duyğusal bir qız yaşayır. Musiqidən, oxuduğu kitabdan, seyr etdiyi filmdən, insanların davranışından təsirlənən biri…

– Həyatda qırıldığın məqamlar çox olur?

– Həyatı keçməli olduğumuz mərhələlərdən ibarət bir oyuna bənzədirəm. Qırıldığım məqamlar hamıda olduğu kimi əlbəttə, məndə də olub. Həmişə çalışmışam iradəmi toplayıb güclü olum. İzləri qalsa da, sınan hissəcikləri bərpa edib, yapışdırıb zaman.

– Üz çevirib getdiyin insanlara yenidən dönə bilirsənmi?

– Əsla. Ətrafımda heç vaxt təsadüfi insanlar olmayıb. Onları özüm seçdiyim üçün, səhvlərini bağışlamağı da bacarmışam. Amma əgər kiməsə üz çevirmişəmsə, bu, artıq səbr kasasının dolduğu və onların bütün limitlərini aşdığı üçün baş verib. Qərarlarımda daim qəti olmuşam. Artıq getdiyim yolu geri qayıtmağı sevmirəm.

– Göz yaşlarını gizlədənlərdənsən?

– Mən göz yaşlarımdan heç vaxt utanmamışam. Göz yaşları canlı hisslərin, duyğuların, yaşadığımızın göstəricisidir. Mən ağlamayan insanlardan qorxuram.

– İnsanlarla sədd saxlamağı xoşlayırsan?

– Yeni tanıdığımız adamlarla bəzən sədd saxlamaq məcburiyyətində oluruq. Ən düzgün olanı da budur. Hər kəs öz ehtiyatını qoruyur. Bir də kiminlə necə davranmağından, haraya qədər yaxın olmasına verdiyin icazədən asılıdır çox şey.

– İnsanlarda hansı xüsusiyyət səni onlardan uzaqlaşdırır?

– Kiminsə xoşbəxtliyinə edilən paxıllıq, yalançı vədlər verənlər və qərarsız adamlardan uzaq olmağa üstünlük verirəm.

– Qəzəblənəndə ən sərt reaksiyan necə ola bilər?

– Yəqin ki, səsim yüksəlir, danışıq tonum dəyişir.

– Deyirlər, gözəllik başa bəladır, gözəl xanım olaraq bu fikirlə razılaşırsan?

– Realist olduğum üçün, özümü heç vaxt çox fərqli hesab etməmişəm. Düşünürəm ki, Azərbaycan xanımı olaraq, bizi gözəl edən xasiyyətimiz , təbiiliyimiz və tərbiyəmizdir. Başıma gələnləri xarici görünüşümlə əlaqələndirmirəm.

– Dost seçimində yanılmamısan ki?

– Yanılmışam, özü də çox. Bütün müdriklər yanılaraq aliləşiblər. Dünya var olduqca haqsızlıq da olacaq, xəyanət də. Sadəcə, yanıldığımızda özümüzü bağışlamağı bacarmalıyıq.

– Depressiyaya düşəndə necə xilas olursan?

– Yatıram, çoxlu film izləyirəm, yeni şeirlər yazıb ürəyimi boşaldıram.

– Sevgidə yanmamısan ki?

– Bu sualı kimə versəniz, əlbəttə ki, yanıldığını deyər. Çünki bəzən biz sevdiyimizi düşünürük, amma illər sonra nə qədər yanıldığımızı anlayırıq. İnsan əsl hisslərlə, ötəri duyğuları ayırd edə bilir. Mən yanıldığımı düşünmürəm.

– Sevmək, yoxsa sevilmək-hansı daha gözəldir?

– Bunların biri olmasa, biz xoşbəxt ola bilmərik ki… Sevgi qarşılıq istər. Əgər birtərəfli olarsa, o məhvə məhkumdur.

– Bu sevgini itrməkdən qorxmamısan ki?

– Çox qorxmuşam. O qorxu olmasa, hər gün yaşadığın həyəcana görə şükür etmirsən. Hər anın dadını çıxarıb, sevinə bilmirsən. Bütün bunları itirmə qorxusunun olmasını anlamaq, sevginin dəyərini bilmək deməkdir.

– Üç sözlə özünü necə ifadə edərdin?

– Ədalətli, emosioanal, mərhəmətli.

– Ən zəif nöqtən?

– Haqsızlıq. Barışa bilmirəm haqsızlıqla. Bəlkə də, vaxt keçir unuduram, bağışlayıram. Amma həmin an yaşadığım gərginlik duyğusu uzun müddət məni tərk etmir. Çox istəyirəm ki, hər kəs haqqı olduğuna sahiblənsin.

– Bədnəzərə inanırsan?

– Yox desəm yalan olar, hə desəm, tam doğru çıxmaz. Bilmirəm. Hər kəs inanmaq istədiyinə inanır. Bədnəzər paxıllığın bir formasıdır məncə. Kimsə səndə olana paxıllıq edir, nəfsi qalır. Bu mənfi enerjidir və həmin mənfi yüklü enerji bir müddət sənə xoşagəlməz ağırlıqla təsir edir. Əslində pis şeylər haqda düşünməsək, daha sağlam və rahat yaşayarıq.

– Həyatında ən yaddaqalan acı və xoş hadisə?

-Yadımda qalan acı hadisə yoxdur. Çünki kinli insan deyiləm və pis, kədərli notları da sevmədiyim üçün, onları ağlımda saxlamağı xoşlamıram. Yaxşı şeylər üçün yer saxlayıram qəlbimdə.
Xoş hadisə – bu yaxınlarda baş tutan kitab təqdimatımdır. Ondan doğan yeni “Şeirbazlar” layihəsidir. Bu onlayn layihədə aparıcılar Rəşad Mehdili, Turanə Hüseynli, Azər Süleymanlı, Vüsalə Səid, aktyorlar Sənan Əlləz, Oksana Rəsulova, Elnur Qədirov, Fariz İlyasov, digər məşhurlardan Promete, Natella Kərimova, Məhəmməd Osman yer alırıq. Məqsədimiz Azərbaycanın ən sevilən şairlərinin şeirlərini oxuyaraq yaşatmaqdır.

– Hansı məşhur qadının həyatı sənin üçün örnək olub?

– Belə bir idealım yoxdur. Hər kəs özü öz həyatının rejissorudur. Hər qadına həyatında baş rolda olmağı arzu edirəm.

– Səncə, gözəllik, yoxsa ağıl?

– İkisi birində olsun, möhtəşəm olsun.

Cəvahir

 

www.yenicag.az

9689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv