“Baxırsan, valideyn övladının psixoloji problemi olduğunu bilir, amma məcburən evləndirir, hələ o atadan altı uşaq da dünyaya gəlir”.
Bu sözləri tanınmış aparıcı Günay Firudinqızı Yenicag.az-a açıqlamasında deyib.
Günü-gündən artan aqressiyalardan narahatlığını ifadə edən aparıcı mütəxəssislərə çağırış edib.
“Cəmiyyətdə aqressiyalar günü -gündən artır. Bunun səbəbləri müxtəlifdir. Maddi sıxıntılar insanları son həddə çatdırır, sosial şəbəkələrdə yayılan aqressiv görüntülər, telefonlarda olan oyun proqramları da insanları gərgin, aqressiv edə bilər”, – deyə o əlavə edib.
Aparıcı hesab etdiyini bildirib ki, bu aqressivliyin başlıca səbəbi maddi çətinliklərlə bağlıdır:
“Pul olanda insanda bir rahatlıq yaranır, amma pulsuzluq gərginliyi daha da artırır. Bəziləri bu halların artmasını pandemiya ilə də əlaqələndirir, pandemiyanın insanların sinir sisteminə güclü zərbə vurduğunu zənn edir. Bəlkə də stress, xəstəlik yığılıb, dama-dama göl olub. Getdikcə artan aqressiya və şiddətin acı sonluğu da cəmiyyətdə bu cür hadisələrin artması ilə müşahidə olunur. Bu istiqamətdə nəsə etmək lazımdır. Belə davam edə bilməz. Bunun sonu faciə ilə nəticələnəcək”.
G. Firudinqızı təklif edib ki, ailə institutu mütəxəssisləri, psixoloqlar yığışıb, çarə qılmalıdır. “Vəziyyətdən çıxış yolu tapılmalıdır. Atanın öz körpə balasını qətlə yetirməsi dəhşətdir. Demək ki, cəmiyyətdə psixoloji durum məsələsi də gündəmə gətirilməlidir. Bəlkə elə o atanın psixoloji durumu yerində olmayıb. Baxırsan, valideyn övladının psixoloji problemi olduğunu bilir, amma məcburən evləndirir, hələ o atadan altı uşaq da dünyaya gəlir. Butün bunların qarşısı alınmalıdır. Uşağın xəstədir, müalicə etdir, bunu özünə kompleks edib, gözdən pərdə asmaq üçün övladını evləndirib qətllərə yol açmayın”, – deyə o yekunlaşdırıb.
Cəvahir