“Elə verilişlər var ki, o verilişlərə eyni adamları çağırırlar, eyni mahnılar səsləndirilir”.
Bu sözləri tanınmış bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Bəstəkar son zamanlar musiqimizdə baş alıb gedən hərc-mərclikdən, səsi, sənəti olmayan müğənnilərin efirlərdə meydan sulamasından danışıb.
“Bütün verilişlərə şamil etmirəm. Amma elə verilişlər var ki, o verilişlərə eyni adamları çağırırlar, eyni mahnılar səsləndirilir. Əgər onlara mahnı demək mümkün olarsa…” – bəstəkar bildirib.
Onun sözlərinə görə, mahnılar bir-birinə oxşadığı kimi, müğənnilər özləri də bir-birinə oxşayır: “Mən onları görəndə ayırd edə bilmirəm ki, kim kimdir… Eyni əməliyyat nəticəsində hamısı bir-birinə bənzədiyi kimi, oxuduqları musiqilər də bir-birinə bənzəyir. Əslində, heç televizora da baxmıram, onları da sosial şəbəkələrdə qarşıma çıxanda görürəm”.
İ.Hüseynova o müğənniləri dinləyən insanların da elə onların səviyyəsində olduqlarını bildirib:
“Zövq məsələsinə gəlincə, o müğənnilərə də öz səviyyələrində olan insanlar baxır. Mən baxmıram.
Mənim çevrəmdə olan insanlar televizorda elələrini görəndə kanalı çevirirlər. Beş-altı nəfər yığışıb, söhbət edəndə də gileylənir.
Deyirlər, eyni sifətli müğənnilər, oxşar mahnıların əlindən televizora baxa bilmirik. Amma düşünürəm ki, bir gün gələr buna da son verilər. Belə bir deyim var: “Gedər bu gözəllik, sənə də qalmaz”. Yəqin zaman gələr, onların da dövranı bitər. Ən azı buna ümid edirik”.
Cəvahir