Tanınmış hüquq müdafiəçisindən neftçalalılara ÇAĞIRIŞ: “Tənzilə Rüstəmxanlı yalnız danışan yox, həm də iş görən millət vəkili olacaq”
“Bu mərd, sadiq, dövlətinə, xalqına sədaqətli xanımı milli hərəkat zamanınıdan tanıdığım üçün onun nə qədər cəsarətli, eləcə də bu dövlət üçün canını nə qədər fəda edən bir insan olduğunu yaxşı bilirəm”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O, Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə bağlı fikirlərini bölüşüb:
“Tənzilə xanımın millət vəkilliyinə namizədliyi xəbərini eşidəndə çox sevindim. Bu mərd, sadiq, dövlətinə, xalqına sədaqətli xanımı milli hərəkat zamanınıdan tanıdığım üçün onun nə qədər cəsarətli, eləcə də bu dövlət üçün canını nə qədər fəda edən bir insan olduğunu yaxşı bilirəm. Onun qapı-qapı gəzib neçə-neçə insana kömək etdiyinin şahidi olmuşam. Onun Avropa dövlətlərində, ermənilərin dayaq yerlərində onun keçirdiyi nüfuzlu konfranslarda Qarabağ həqiqətlərini bütün dünyaya necə car çəkdiyini görmüşəm. Tənzilə xanım dövlətimizin müstəqillik əldə etməsindən ta bu günə qədər Türk dövlətləri ilə həmişə sıx əlaqə saxlayan, türkçülüyü, sözün əsl mənasında, təbliğ edən və dövlətlərarası dostluğu, birliyi daim qoruyan bir xanımdır. Tənzilə Rüstəmxanlı bu gün də Qərbi Azərbayacana qayıdış şüarı ilə hər yerdə erməninin iç üzünü açıb, bütün dünyaya göstərir”.
N.Cəfəroğlu Neftçala seçicilərinə çağırış edərək, onları Tənzilə Rüstəmxanlıya səs verməyə səsləyib:
“Mən Neftçala seçicilərinə üz tutub, onlara səslənirəm: Tənzilə xanım sizin dairədən millət vəkili seçilsə, əmin ola biləsiniz ki, hər bir ailəyə, hər bir kəsə dəstək və arxa-dayaq olacaq. O, Neftçalanın bütün problemlərini parlamentdə səsləndirəcək. Tənzilə Rüstəmxanlı yalnız danışan yox, həm də iş görən, əməlləri ilə seçilən, daim seçicilərinin yanında olan, onlara can yandıran, hər birinin qayğısına qalan bir millət vəkili olacaq. Ümidvaram ki, elə siz də bunu istəyirsiniz.
Onu yaxından tanıyan bir insan kimi bunu deyirəm, Tənzilə Rüstəmxanlı dostluqda çox sadiq, etibarlı və hər bir situasiyada insanlara arxa-dayaq duran, onların problemlərini öz problemi kimi qəbul edib, həll etmək üçün əzm göstərən mərd bir bir xanımdır”.
Cəvahir