“Seçkilərə qatılmaqla, cəmiyyətin və beynəlxalq ictimaiyyətin diqqətini bələdiyyələrin səlahiyyətsizliyinə yönəltmək olardı”.
Yenicag.az xəbər verir ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev özünün “Facebook” səhifəsində müxalifət aprtiyalarının bələdiyyə seçkilərində iştiraka maraq göstərməmələrini tənqid edib.
Rövşən Ağayevə görə, bir çox siyasi partiyaların bələdiyyə seçkilərinə qatılmaması yanlış qərardır və heç bir arqument bu qərara haqq qazandıra bilməz:
“Bələdiyyələrin səlahiyyətsizliyi və heç bir siyasi-administrativ-maliyyə gücünün olmaması, seçkilərin saxtalaşdırılması kimi arqumentlər yerli özünüidarə orqanlarına seçkilərdən imtina üçün əsas deyil.
Seçkiləri boykotla bağlı ən populyar arqument budur ki, iştirak etməklə, saxta seçkilərə legitimlik qazandırırsan. 2013-cü il seçkilərində iştirak göstərdi ki, heç də belə deyil”.
Ağayev qeyd edib ki, bələdiyyə seçkilərinə qatılmağın müəyyən üstünlükləri var:
“Bələdiyyə seçkilərində iştirak etməklə, bütün saxtarkarlıqları sənədləşdirə, üstəlik ictimailəşdirə bilirsən, siyasi fəallığın tam itməsinin qarşısını alırsan, cəmiyyəti siyasi və seçki mövzularından yadırğamağa qoymursan.
İndiki seçkinin timsalında isə cəmiyyətin və beynəlxalq ictimaiyyətin diqqətini bələdiyyələrin səlahiyyətsizliyinə, hüquqsuzluğuna, maliyyəsizliyinə yönəltmək olardı.
Strateji ərazilər müəyyən edib, selektiv qaydada iştirak mümkün idi. Məsələn, 70-ə yaxın şəhər bələdiyyəsi, əhalisi 5 mindən çox qəsəbə və kənd bələdiyyələri seçim üçün meyar ola bilərdi. Qara işlərlə, passiv siyasi mövqeyilə yox…”.
Gülşən Şərif