Tanınmış limonad sexindən şok FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, baxış zamanı fiziki şəxs Mübariz Müşfiq oğlu Mustafayevə məxsus sexdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

“Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib. Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam edir.