Tanınmış prodüser SİRR AÇDI: “Proqramı mənə də göstəriblər, puluna minnət”

“Bu gün “YouTube”da trenddə olan mahnıların çoxunun baxış sayı pulla artırılır…”

Bunu tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Podüser bu gün sosial şəbəkələrdə izlənmə rekordu qıran mahnılarla bağlı qalmaqallı fikirlər səsləndirib.

O, keyfiyyət göstəricisi sayılmayan mahnıların baxış sayının süni olaraq artırıldığını iddia edib:

“Hansısa gözəl bir mahnını yerləşdirirsən “YouTube”a, baxırsan, min-iki min baxış sayı ola, ya olmaya. Amma hansısa bayağı bir mahnı izlənmə rekordu qırır. Bu, sirr deyil, hamı yaxşı bilir ki, xüsusi proqramlar var ki, onunla baxış sayını nə qədər istəsələr, artıra bilərlər. Hətta mənə o proqramı göstəriblər də… Bunlar hamısı var, özü də pulla. O qədər də çox məbləğ deyil. Pulunu verirsən, istədiyin qədər baxış sayı yığırsan. Sözsüz ki, onları bəyənən insanlar da var. Adama qəribə gəlir ki, bunların zövqü niyə bu qədər korlanıb? Bu bayağı mahnıları necə bəyənmək mümkündür? Mahnı o demək deyil e, yaxşı musiqidir, sümüyümə düşdü, oynadım. Dəqiq bilirəm ki, məşhur bəstəkarlarımız elə mahnıları heç vaxt bəyənməz. Heç mən də bəyənmirəm. Bir-iki günə mahnı ərsəyə gəlmir, nota köçürülməlidir, mətn yazılmalıdır, aranjimanı olunmalıdır və sair. Bu cür mahnılar keyfiyyət göstəricisi deyil. Belə mahnılarla incəsənətimiz hara gedib çıxacaq, bilmirəm”.

Cəvahir