Psixoloq prezidentliyə namizədləri şərh edir: “O, sadəcə, öz obrazını oynayır”

11 aprel seçkilərində prezidentliyə namizədliyi qeydə alınmış siyasətçilərin psixoloji vəziyyətləri onların dövlət başçısı postuna iddiaları ilə mütənasibdirmi?

Aprelin 11-də keçiriləcək prezident seçkilərində təşviqat kampaniyası mərhələsi davam edir. Bu çərçivədə prezidentliyə namizədlərin iştirakı ilə artıq dörd teledebat keçirilib.

Namizədlər kütləvi tədbirlərin təşkilinə hələ ki maraq göstərmədiklərindən, seçicilər yalnız həmin debatlar vasitəsilə iddialıların platformaları ilə tanış ola bilirlər.

Keçirilən teledebatlarda namizədlərin hansının seçicilər üçün daha cəlbedici forma və məzmun seçdiyinə toxunmadan, iddialılarla bağlı kifayət qədər əhəmiyyətli olan mühüm məqama nəzər salmaq istədik. Bu, ölkənin birinci kreslosuna iddia edən namizədlərin psixoloji durumunun hansı vəziyyətdə olmasıdır.

Mövzu barəsində Yenicag.az-a danışan tanınmış psixoloq Azad İsazadə peşəsindən asılı olmayaraq, konkret şəxslərin psixoloji durumları haqqında məlumatların açıqlanmasını doğru saymasa da, məsələyə müəyyən qədər aydınlıq gətirdi:

“Hazırda qeydə alınmış prezidentliyə namizədlər haqqında nəinki məlumatlıyam, hətta onların bəziləri ilə şəxsi tanışlığım da var. Bununla belə, hesab edirəm ki, siyasətçi və hər hansı digər peşə sahibinin psixoloji portreti yetərincə şəxsi məsələdir və onun ictimailəşdirilməsi etik baxımdan düzgün deyil. Seçki kampaniyasının indiki mərhələsində bu barədə danışmağı doğru saymıram.

Amma ümumi şəkildə deyə bilərəm ki, hər hansı dövlət vəzifələrinə təyinatlar zamanı konkret namizədlərin psixoloji durumlarının təhlil edilməsi vacib haldır. Əslində, Azərbaycanda belə praktika var.

Xüsusilə, hüquq-mühafizə orqanlarında işə qəbul zamanı namizədin psixoloji vəziyyətini müəyyənləşdirən testlər aparılır, onun həmin vəzifəyə uyğunluq dərəcəsi yoxlanılır. Bütün bu işlərlə xüsusi psixoloji laboratoriyalar məşğul olur.

Prezidentliyə namizədlər, əlbəttə  xalq üçün maraqlı fiqurlardır, onların görünməyən tərəfləri haqqında məlumat əldə etmək istəyi güclüdür. Ancaq bir daha deyirəm, bu barədə danışmaq etik olmaz”.

İsazadənin sözlərinə görə, hətta əsrlər öncə yaşamış tarixi şəxsiyyətlər haqqında gəlib çatan məlumatlar onların psixoloji obrazlarını müəyyənləşdirməyə imkan verir:

“Bilirsiz, ümumi məlumatlara əsaslanaraq, tarixi şəxsiyyətlərin də psixoloji portretlərini çəkmək mümkündür. O baxımdan, hazırda Böyük İsgəndərdən, Yuli Sezardan, Birinci Pyotrdan tutmuş, Napoleona qədər və ondan sonrakı əksər tanınmış fiqurlar haqqında danışa bilirik.

Bu zaman onların mənfi və müsbət cəhətlərini qeyd edirik. Təbii ki, yaşadığımız dövrlərdən asılı olmayaraq, hamımız insanıq, komplekslərimiz var, doğru və yanlış cəhətlərə malikik. Bu, həm də daha çox gündəlik mütaliəyə bənzər bir işdir. Ona görə də mən istəməzdim ki, hansısa siyasətçi barəsində psixoloji rəy verim”.

Psixoloq qeyd edib ki, geniş kütlələrin televiziya vasitəsilə izlədikləri siyasətçi və digər peşə sahibləri özləri üçün münasib saydıqları obraz formalaşdırmağa meyillidirlər:

“Dediyiniz ictimai obrazlar bəzən süni şəkildə yaradılır. Məsələn, məndə kompleks yoxdur və sərbəst  halda, səs-küylə danışıram… Bu da bir obrazdır və onu insanlar özləri seçirlər. Məni düzgün başa düşün, seçkiqabağı dövrdə qeydə alınmış prezidentliyə namizədlərdən hər hansı konkret sitat gətirməyi doğru saymıram. Amma kənar nümunələrdə müəyyən paralellər apara bilərik.

Məsələn, Rusiyanın tanınmış siyasətçisi Vladimir Jirinovskini götürək… O, reallıqda qətiyyən göründüyü kimi deyil, sadəcə, öz obrazını oynayır. Ancaq biz bilirik ki, Jirinovski hansısa hay-küylü fikirləri ilə Kremlin müəyyən məsələlərə dair ilkin mövqeyini ifadə edir.

Jirinovski siyasətçi olmaqla yanaşı, alimdir, dörd-beş xarici dil bilir, türk dilində də yaxşı danışır, ancaq danışanda görürük ki, onun bütün çıxışları həyasızlıq üzərində qurulub. Yəni siyasətçinin özünə seçdiyi obrazla real psixoloji durumu fərqlidir.

Bayaq da vurğuladım ki, istənilən siyasətçinin teleçıxışları əsasında onu qiymətləndirmək mümkündür. Nümunə üçün Donald Trampa baxaq. İndiki görüntüsü, davranışı Trampın seçdiyi bir obrazdır.

Bu, nəyə bənzəyir? ABŞ-da ümumiləşmiş “kovboy” obrazı mövcuddur – özünü ötkəm göstərmək və sair. İndi də Tramp publika qarşısında özünü “krutoy” obrazda göstərməyə çalışır. Onun belə davranması təbiidir. Ömrü boyu bizneslə məşğul olub, qərarları təkbaşına qəbul edib və sair.

Ancaq televiziya çıxışı əsasında siyasətçiyə, yaxud da başqa peşə sahibinə tam psixoloji qiymət vermək olmaz. Televiziya çıxışları əsasında müəyyən istiqamət vermək mümkündür, ancaq tam qiymətləndirmə aparmaq üçün xüsusi psixoloji alətlərdən istifadə olunmalıdır.

Bununla belə, təxmini rəy verə bilərik. Yəni konkret şəxsin televiziya çıxışına baxıb, onun depressiyada, yaxud qressiyada olduğunu, hansı komplekslərdən əziyyət çəkdiyini müəyyənləşdirmək çox da çətin deyil. Lakin o qənaətlərin rəsmi təsdiqi üçün xüsusi testlərin aparılması zəruridir”.

İsazadənin fikrincə, hazırda prezidentliyə namizədliyi qeydə alınmış siyasətçilərin heç birinin pataloji səviyyədə psixoloji problemi yoxdur:

“Bunu açıq deyirəm: özüm də daxil olmaqla, hər birimizin müəyyən psixoloji problemi var. Ola bilsin ki, o problem namizədlərin birində az, digərində isə nisbətən çoxdur. Ancaq bu, mövcud namizədlərdən hansınınsa təcili psixoloji yardıma ehtiyacı olması anlamına gəlməməlidir. Tam səmimi deyirəm ki, namizədlərin heç birinin patologiya səviyyəsində psixoloji problemi yoxdur”.

A. Zeynalov