“Azərbaycanfilm” kinostudiyası milli kinomuzun mərkəzinə çevrilməlidir və o təkcə istehsalat nümunəsi yox, həm də yaratdığı filmlərlə sənət nümunəsinə çevrilməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor, Azərbaycan kinosunun inciləri sayılan bir çox filmlərin müəllifi Hüseyn Mehdiyev deyib.
80 illik yubileyini qeyd edən rejissorun ən böyük arzusu da elə kino ilə bağlıdır:
“Ən böyük arzum nə ola bilər ki… Bizim və bizdən əvvəl yaşayıb yaradan kino sənətçilərinin əziyyətləri hədər getməsin. Kinematoqraf çox mürəkkəb və ağır sahədir, ona səthi və ümumi qəbul olunmuş normalarla yanaşmaq mümkün deyil, yanaşma kompleksli olmalıdır.
Milli kinomuzun taleyi haqqında düşünəndə və nə isə həll edəndə şəxsi ambisiyalar arxaya keçməli və milli maraqlar üstün olmalıdır. Zaman göstərdi ki, artıq yüz ildir xalqa, dövlətçiliyimizə qulluq edən “Azərbaycanfilm” və onun yaradıcı insanlarının yaratdığı maddi irs əvəzolunmazdır, ölməzdir. Bəs niyə bu məktəbi, bu ənənəni məhv eləyirlər? Nəyin naminə?
Bu gün açıqlanan səbəblər və bəhanələrin və onların nəticəsində verilən qərarların heç biri milli kinomuzun inkişafına qulluq edəcək dərəcədə deyil. “Azərbaycanfilm” kinostudiyası milli kinomuzun mərkəzinə çevrilməlidir və o təkcə istehsalat nümunəsi yox, həm də yaratdığı filmlərlə sənət nümunəsinə çevrilməlidir. Ona görə yox ki, bizim ambisiyamız və ya iddialarımız bizim başımızı dumanlayıb. Yox və bir də yox. Kinematoqrafın istehsalat, yaradıcılıq, təşkilati, texniki, kollektivin tərkibi və onlarla digər xüsusiyyətləri bizə – peşəkarlara bunları deməyə əsas verir”.
Cəvahir