Tanınmış rejissordan TƏKLİF: “Toyuq ferması tikənlə kinoya eyni pəncərədən baxılmamalıdır”

“Dövlət Azərbaycan kinosunu ən azı beş ildə vergidən azad etməlidir. Kino istehsalı kütləviləşdirilməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış kinorejissor Tahir Tahiroviç bildirib.

Rejissor “bu gün Azərbaycanda filmlər çəkilmir, Azərbaycan kinosu məhv olub” fikirlərinə münasibət bildirib və fikirlərini belə əsaslandırıb:

“Kim istəyir, deyir ki, Azərbaycanda kino yoxdur. Azərbaycanda kino var, amma hansı səviyyədədir, bu, başqa məsələ… Futbolla müqayisə etsək, heç kim deyə bilməz ki, Azərbaycanda futbol yoxdur. Futbol var, Premyer Liqa keçirilir, Birinci, İkinci Liqa var. “Qarabağ” arada qrup mərhələsinə düşür. Deməli, sual doğur ki, tamaşaçı Azərbaycan kinosundan nə istəyir?” Belə baxanda, Azərbaycan filmləri, məsələn, Daniel Quliyev, Hilal Baydarov, İlqar Nəcəf, Asif Rüstəmovun filmləri nüfuzlu festivallarda mükafatlar alır. Hər şey normaldır, bundan artıq nə istəməliyik ki, Azərbaycan kinosundan?! Düşünürəm ki, sadəcə olaraq Azərbaycanda film istehsalını kütləviləşdirmək lazımdır. Bu qədər bəsit”.

“Filmlərin sayı artdıqca, ələnəcək və yaxşı filmlər də ortaya çıxacaq. Necə ki, son 10 ildə rejissorlarımızın necə gözəl filmləri var. “İctimai Televiziya”da da bədii televiziya filmləri vardır, hansı ki, mən onlara serial demirəm. Əsli bədii televiziya filmləridir. Tamaşaçı istəyir və filmlər çəkilir. Kino tənqidçiləri nə istəyir? Film olsun və onları tənqid, yaxud da müzakirə etsinlər. Yetərincə filmlər var, bunu problemə çevirmək lazım deyil. Dövlət Azərbaycan kinosunu ən azı beş ildə vergidən azad etməlidir. Satınalma, antiinhisar bir qədər film istehsalına yumşaq yanaşmalıdır. Yəni toyuq ferması, yaxud da bina tikənlə kinoya eyni pəncərədən baxmamalıdır. Kinoya fərqli baxış olmalı, bürokratik əngəllər azalmalıdır. Onda film istehsalı artacaq”.

Cəvahir

COP29