Tanınmış rejissorun nəşi bu gecə Bakıya gətiriləcək

Azərbaycanın görkəmli sənətkarı, səs rejissoru, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik Ələkbər Həsənzadənin nəşi bu gecə vətənə – doğulduğu Bakı şəhərinə gətiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə oğlu, BALANS studiyasının səs rejissoru Tariel Həsənzadə “İstipress.com”a bildirib.

Tariel Həsənzadə deyib ki, atası 50 ilə yaxın Rusiyada işləməyinə baxmayaraq, ömrü boyu Azərbaycançılığı təbliğ edib, hər zaman, hər yerdə Azərbaycanlı olmağı ilə fəxr edib: “Ələkbər Həsənzadə bu sahədə ilklərdəndir. Onun yetişdirdiyi minlərlə etibarlı, vəfalı və peşəkar şagirdi nəinki keçmiş SSRİ-də, xarici ölkələrdə, habelə Azərbaycanda onun tədris etdiyi xüsusi metodikanı tətbiq etməklə, kino sənətinin iki vacib elementindən – səsi yüksək səviyyə və keyfiyyətdə təqdim edirlər. Ələkbər Həsənzadənin ürəyi son günədək Azərbaycanla vurdu!”.

Qeyd edək ki, görkəmli səs rejissoru, Rusiya Federasiyasının (RF) Dövlət Mükafatı laureatı, Nika mükafatı laureatı, RF əməkdar incəsənət xadimi. Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik Ələkbər Həsənzadə bu gecə Sankt-Peterburqda dünyasını dəyişib.

Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Atası Əliheydər Həsənzadə və anası Rüxsarə Ağayeva teatr aktyorları olublar, 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği və inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri idilər.

Ələkbər Həsənzadə 1958-ci ildə Leninqrad Kino və Televiziya İnstitutuna qəbul olunub və 1963-cu ildə institutu bitirəndən sonra Bakıya dönüb,ə kinostudiyada səs rejissoru kimi fəaliyyətə başlayıb.

“Azərbaycanfilm”də ilk işi Arif Babayevin çəkdiyi “İnsan məskən salır” filmində oldu. Bu film dövlət mükafatına layiq görülüb. Ə.Həsənzadə “Səmt küləyi”, “Ən vacib müsahibə” və başqa filmlərin səs rejissoru oldu. O, 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən təklif alıb və “Lenfilm”də çalışmağa başladı.

Bütvölükdə, “Azərbaycanfilm”də və “Lenfilm”də 120 tammmetrajlı filmin çəkilişində iştirak edib. Ə.Həsənzadənin “İtaliyalı” adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb.