Tanınmış telejurnalist İlhamiyyə Rzanın sosial şəbəkədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ünvanına səsləndirdiyi sərt iradlara TƏBİB-dən cavab gəlib.
Qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Adilova Yenicag.az-a açıqlamasında qarşı tərəfin tənqidi fikirlərinə münasibət bildirib:
“Pasiyentə Maqnit rezonans tomoqrafiya (MRT) təyin olunması üçün ixtisaslı həkim baxışı mütləqdir. Vətəndaş Səmayə Rzayeva özəl tibb müəssisəsində təyin olunan MRT müayinəsi üçün Kliniki Tibbi Mərkəzə müraciət edib. Qaydaya uyğun olaraq ona pasiyentin ixtisaslı həkim müayinəsindən keçməsinin vacibliyi, müayinələrin nəticəsinə uyğun olaraq instrumental müayinələrin təyin olunacağı bildirilib. O da müvafiq olaraq həkim müayinələrindən keçib.
Özəl tibb müəssisəsində təyin olunan baş-beyin, döş qəfəsi, onurğa üçün MRT ixtisaslı həkim və rentgen müayinələri nəticəsində təsdiq olunmayıb. Pasiyentin səhhətində ayrı-ayrı zonaların MRT olunması üçün göstəriş olmadığı müəyyən olunub. Ona döş qəfəsinin MRT-si icra ediləcək. Eyni zamanda, pasiyent yenidən xəstəxanaya dəvət olunaraq ona icbari tibbi sığortadan istifadə qaydaları izah olunub, zəruri tibbi xidmət göstərilib.
Vətəndaşlara vaxtında və keyfiyyəti tibbi xidmətlərin göstərilməsi məqsədilə davamlı tədbirlər görülür. Tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır, idarəedilməsi təkmilləşdirilir, tibbi heyətin bacarıqlarının artırılması üçün müvafiq təlimlər təşkil olunur. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. İlkin səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılması və vaxtında müvafiq tibbi yardımla təmin olunması məqsədilə də işlər davam etdirilir.
Bütün bunların fonunda tibb müəssisələrinə müraciət edən pasiyentlərin sayında kəskin artım qeydə alınır. Stasionar müalicə alan, planlı şəkildə və təxirəsalınmaz hallarda da pasiyentlərin diaqnostik müayinə ehtiyacını nəzərə alaraq sıxlığın və növbələrin olması qaçılmazdır”.
Qeyd edək ki, İlhamiyyə Rza həkim müayinəsi zamanı anasının qarşılaşdığı problemlər səbəbindən sosial şəbəkə hesabında ard-arda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ünvanına tənqidi fikirlər səsləndirib.
Cəvahir