Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Bəhrəm İbayev 8 il 3 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, istintaqla müəyyən olunub ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona hansı səbəbə görə yanından keçərkən görüb salam verməməsinə dair irad bildirib. Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər. O, Göyçay rayonunda olduğu zaman özü barədə guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istətməsi, saymazlıq etdiyi üçün, hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidib.
İttiham aktında göstərilib ki, B.İbayev bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Belə ki, Bəhrəm iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən kafedə təsadüfən Natiq Hüseynovu görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməyi ilə vaxtında Sabunçu 3 saylı şəhər klinik xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Bəhrəm İbayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.