“Tanksız, silahsız əlbəyaxa döyüş oldu” – Baku TV-nin əməkdaşı Şuşa döyüşlərindən danışdı / VİDEO

44 günlük Vətən müharibəsi xalqımızın torpaq həsrətinə son qoydu. Şanlı Azərbaycan Ordusunda qəhrəmanlıq göstərən igidlərin sırasında 27 həmkarımız olub. Onlardan biri də Baku TV- nin əməkdaşı Yelmar Məmmədlidir.

O, müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb və Şuşaya qədər döyüş yolu keçib. Bütün dəyərlərin fövqündə dayanır Elmar üçün Vətən. Odur ki, qələmini fəxarətlə silaha dəyişib. Əfsanəvi Şuşa döyüşlərinin canlı şahidi olub.

Düşmənin qorxulu yuxusuna çevrilən Azərbaycan əsgərinin şərəfli döyüş yolundan ürəkdolusu danışan Y.Məmmədli bildirir ki, sentyabrın 21-dən təlimlərə cəlb olunub:

“Sentyabrın 27-sində ilk döyüşə yollanan hərbi hissələrdən biri də bizimki idi. Füzulidən başladıq, sonra Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut, Şuşaya qədər getdik. Qarabağın bir-iki rayonu olar ki, orada döyüş əməliyyatında olmamışıq. Döyüşlər uğurlu şəkildə koordinasiya olunmuşdu. Bir-bir girib torpaqlarımızı geri alırdıq. Hazırda olduğumuz hərbi hissənin özünü belə döyüş yolu ilə qaytarmışıq”.

Y.Məmmədli qeyd edib ki, Şuşa döyüşləri tarix kitablarına düşəcək döyüşlərdir:

“Düşmən bizi yoldan gözləyirdi. Oranı nəzarətdə saxlamışdılar. Amma Azərbaycan ordusu arxadan hərəkət edərək qəfil hücum etdi. Düşmən çaş-baş qaldı. Döyüş tanksız, silahsız oldu. Əlbəyaxa döyüş oldu. Oğullarımız əsl qəhrəmanlıq göstərdi”.

Qalib ordunun qalib əsgərlərindən olan Y.Məmmədli artıq şanlı qələbəmizdə payı olmağının qürurunu yaşayır. “Evimizə qürurla, sevinclə, alnıaçıq, üzüağ dönəcəyik” deyir.