!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tapançanı Etibar Məmmədovdan alıb...” – “Alfa” hücumunun şahidi danışır

!Reklam – Yazi

… Bu hadisə düz 27 il bundan əvvəl baş verib. 1990-cı il yanvar ayının 20-də Bakıda sovet tankları əliyalın insanların üstünə yeridildi. Həmin qanlı qırğından bir neçə gün sonra Moskvaya gedən Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin üzvü Etibar Məmmədov faciə ilə bağlı Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirdi. Və həmin konfrans “KQB”-nin “Alfa” xüsusi təyinatlılarının hücumuna məruz qaldı. Basqın zamanı Etibar Məmmədovu həbs edən sovet çekistləri təkcə onunla deyil, nümayəndəlikdə toplanmış həmvətənlərimizlə də qəddarcasına davrandılar. Və bu hücum günü bu gün də Moskvadakı Daimi Nümayəndəliyimizdə 20 yanvar hadisələri çərçivəsində xüsusi yer tutan bir aksiya kimi xatırlanır.

Nümayəndəliyə 27 il əvvəl edilmiş basqının canlı şahidi olan coğrafiya üzrə fəlsəfə doktoru Manaf Süleymanov Yeniçağ.Az-a müsahibəsində həmin hadisə ilə bağlı çox maraqlı detalları açıqlayıb.

– Maraqlıdır, Daimi Nümayəndəliyimizə hücum ərəfəsində Moskvaya necə getmişdiniz?

– Mən və xanımım, milli-azadlıq hərəkatının fəal iştirakçısı olan Sevil Cahani, 20 yanvar hadisələrindən bir neçə gün əvvəl Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə Almaniyada səfərdə idik. Yada salım ki, o zaman Azərbaycan tam informasiya blokadasında idi, həm SSRİ-də, həm də dünyada respublikanın haqlı mövqeyini ictimaiyyətə çatdırmaqda problem vardı. Bunu nəzərə alaraq, Almaniyaya yola düşdük. Orada bir neçə tədbirdə iştirak etdik, Dağlıq Qarabağın tarixi, ermənilərin orada yerləşdirilməsi və daha sonra Azərbaycana qarşı ərazi iddiaları qaldırmaları, Sovet rəhbərliyinin ermənilərin təsirində olması haqda obyektiv reallığı əks etdirən məlumatlar verdik. Biz Almaniyada olanda Dağlıq Qarabağda və Ermənistanla sərhəddə vəziyyətin gərginləşdiyi və o ərazilərdə fövqəladə vəziyyət elan edildiyini eşitdik. Yəni Sovet rəhbərliyi bu addımı ilə yenə də azərbaycanlıların əl-qolunu bağlamağa çalışırdı. Biz Almaniyadakı diaspor üzvlərimizin dəstəyi ilə yanvarın 17-də Berlindəki Sovet səfirliyinin qarşısında Moskvanın ermənipərəst siyasətinə qarşı etiraz aksiyası keçirtdik. Artıq gecəyarısı Sovet qoşunlarının Bakıda qanlı qırğın törətdiklərini öyrəndik və geri qayıtmağa cəhd etdik.

– Bu xəbəri alanda Bakı ilə rabitə yaratmağa cəhd etdiniz?

– Məlumatı eşidəndə hansı vəziyyətə düşdüyümüzü təsəvvür edə bilərsiniz. Almaniyaya gedəndə uşağı qaynanamgilə vermişdik, xanımım isə dördaylıq hamilə idi. Narahatlıqdan özümüzə yer tapa bilmirdik. Bir neçə gün əvvəl bizimlə danışaraq Berlinə gələn “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri Mirzə Xəzər geri qayıtmağımızın təhlükəli olduğunu deyərək, Almaniyadan siyasi sığınacaq istəməyimizi təklif etdi. Öz tərəfindən lazım olan köməyi göstərəcəyini dedi. Həqiqətən də, bir neçə yerə zəng edərək, bizi hələlik, Praqaya yerləşdirmək üçün razılıq aldı. Lakin biz qalmaq istəmədik, Azərbaycanın qana boyandığı bir vaxtda bu təkliflə razılaşa bilməzdik. Bakı ilə rabitə yaratmaq cəhdimiz də baş tutmadı. Bakıya isə reys olmadığından, yolun bir hissəsini təyyarə, qalan hissəsini isə qatarla qət edərək, bir neçə gün sonra Moskvaya, oradan da Daimi Nümayəndəliyə gəldik.

– O günlərdə Daimi Nümayəndəlik necə fəaliyyət göstərirdi?

– Nümayəndəlikdə izdiham vardı. Moskvadakı soydaşlarımız, o cümlədən, imkan tapıb, Azərbaycandan gələn həmvətənlərimiz çox idi. Hamı qəzəbli idi, hər kəs törətdiyi bu qırğına görə Moskvanı lənətləyirdi. Elə bir vəziyyət idi ki, Nümayəndəlik soydaşlarımızın toplantı yerinə çevrilmişdi.

– Bəs Nümayəndəliyə hücum necə baş verdi?

– Biz ora çatanda Etibar Məmmədovun da Nümayəndəlikdə olduğunu öyrənib onunla görüşdük, söhbətləşdik. Öyrəndik ki, xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirməyə hazırlaşır. Təklikdə söhbət zamanı Nümayəndəliyə hücum ola biləcəyi ehtimalını düşünüb, silahı olub-olmadığını soruşdum. Cavab verdi ki, üstündə “Makarov” tapançası var. Belə olduqda silahı gizlətmək üçün mənə verməsini istədim və o da etiraz etmədi. Etibardan tapançanı alıb, elə onun öz şərfinə büküb bayıra çıxdım. Mən 7 il Moskvada təhsil aldığım üçün şəhəri yaxşı tanıyıram. Nümayəndəliyin yaxınlığında olan binanın həyətinə keçib, silahı oradakı yağış navalçasına qoydum.
Etibar Məmmədovun mətbuat konfransı qurtarar-qurtarmaz “KQB”-nin “Alfa” xüsusi təyinatlılarının əsgərləri Nümayəndəliyə hücum etdilər. İnanın, indi də təəccüblənirəm ki, o əsgərlər binaya necə daxil olmuşdular – sanki birdən-birə göydən düşdülər. Hər kəsdən əllərini qaldırmağı tələb edərək, Etibar Məmmədovu özləri ilə apardılar.

– Əsgərlər Nümayəndəlikdə qalan insanlarla necə davrandılar?

– Hamı əvvəlcə şokda idi. Əsgərlər içəridəkilərdən əllərini yuxarı qaldırmalarını tələb etsələr də, xanımım bu tələbə tabe olmadı və etirazını bildirdi. Əsgərlərin yoldaşıma atəş aça biləcəklərini nəzərə alıb, onu sakitləşdirməyə çalışdım. Əsgərlərə dedim ki, xanımım hamilədir, əllərini qaldıra bilmir, onlar da əl çəkdilər. Sonra qeydiyyat apardılar, dindirmə xarakterli suallar verdilər və getdilər.

– Moskvanı nə zaman tərk etdiniz?

– Bir neçə gün sonra Bakıya qayıtdıq. Əşyalarımızı toplayıb aeroporta yollandıq. Kassaya yaxınlaşanda özümün də, yoldaşımın da şəklinin ora yapışdırıldığını gördüm. Problem olmadan bilet aldıq və minik vaxtını gözlədik. Aeroporta gələrkən gizlətdiyim tapançanı da özümlə götürdüm və indi onu təyyarəyə keçirməyin yolunu fikirləşirdim. Bu zaman bir neçə azərbaycanlı tələbənin də Bakıya uçacaqlarını öyrəndim. Tapançanı kiçik əl çantasına qoyub, tələbələrdən birinə verdim. Onda sərnişinlərin yoxlanılması üçün indiki müasir avadanlıqlar yox idi. Kimdən şübhələnirdilərsə, özləri ilə xüsusi otağa aparıb araşdırırdılar. Çantanı verdiyim tələbənin təyyarəyə buraxıldığını görüb, biz də rahatladıq və minik üçün yaxınlaşdıq.

– Bakıda qarşılaşdığınız mənzərə yəqin ki, hələ gözünüzün önündədir.

– Doğrudan da elədir. Aeroportdan birbaşa qaynanamgilə getdik. Uşağı götürüb, evə gələndə təkrar şoka düşdük. Mənzilin eyvanında, otaqlarda, hətta mebellərdə çoxsaylı güllə izləri vardı. Atəş açılan vaxt evdə kimsə olsaydı, o gülləbarandan çətin sağ çıxaydı. Bir neçə gün sonra – yanvarın 29-da artıq Azərbaycan “KQB”-sindən gəlib, məni həbs etdilər. Mədəni davrandılar, “Professor, məcburuq..”, – deyə üzrxahlıq etdilər. Təqribən 45 gün sonra, Novruz bayramı ərəfəsində azadlığa buraxıldım. Məndən milli-azadlıq hərəkatı, guya silahlı çıxışlara hazırlıq və sair məsələlər haqqında qaneedici ifadə almaq istəsələr də, buna nail olmadılar. Azadlığa çıxandan sonra isə həyat öz axarında davam etdi.

– Tapançanın axırı necə oldu?

– Bakıya qayıdandan kimi onu Etibar Məmmədovun mərhum qardaşına verdim.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv