Elektrik enerjisinin qiyməti qaldırılır? – “Bu sosial ədalətsizlik olar”

Bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovun enerji tariflərinin aşağı olmasıyla əlaqədar qurumun zərərlə işlədiyini qeyd etməsi, mənfəətlə çalışmaq üçün tariflərin artırılmasının lazım olduğunu vurğulaması əhali arasında narahatlıq doğurub.

Belə ki, Tarif Şurasının yaxın zamanda bu müraciətə baxacağı və enerji tariflərinin yüksələcəyi barədə fikirlər formalaşmağa başlayıb.

Məsələyə aydınlıq gətirmək üçün OilGas.az iqtisadçı alim Qubad İbadoğluya müraciət edib. O, hazırda Azərbaycanda elektrik enerjisinin və təbii qazın qiymətinin qonşu ölkələrlə müqayisədə dəfələrlə baha olduğunu, buna görə də hər hansı qiymət artımının gözlənilmədiyini qeyd edib:

“Təmiz Şəhər” enerji istehsal edən şirkətdi. Bu qurum tullantıların emalı hesabına enerji əldə edir. Şirkət bütövlükdə həm ekoloji, həm də alternativ enerji mənbəyi baxımdan əhəmiyyətli bir işlə məşğuldur. İndiki halda təbii ki, bu şirkətin gəlirləri yalnız satdığı enerji hesabına formalaşır. Bu baxımdan onların fəaliyyətini stimullaşdırmaq, yəni mənfəətli fəaliyyətə keçidini təmin etmək üçün onların istehsal etdiyi elektrik enerjisinin tarifini xüsusi qiymətlərlə tənzimləmək daha düzgün olardı. Hesab edirəm ki, bu yalnız “Təmiz Şəhər”ə aid olmalı deyil, eyni zamanda digər alternativ enerji istehsalı ilə məşğul olan şirkətlərə də şamil edilməlidir. Bunu dövlət almalıdır. Başqa cür bura nə sərmaye cəlb etmək, nə də həmin şirkətin mənfəətli fəaliyyətini qurmaq mümkün olmayacaq.

Burada söhbət əhaliyə satılan elektrik enerjisinin qiymətinin artırılmasından getmir. Yəni əhaliyə satılan elektrik enerjisi daha çox dövlət rayon elektrik stansiyalarında istehsal olunur. İstehlakçılar üçün, əhali, qeyri-əhali qrupları üzrə enerji tariflərinin tənzimlənməsi Tarif Şurasına məxsusdur. Onların istehsal etdiyi elektrik enerjisinin alıcısı əhali deyil. Təklif olunan qiymət bahalaşması baş verərsə, bu heç də bütövlükdə elektrik enerjisinin tariflərinin bahalaşması demək deyil. Yəni onların istehsal etdiyi elektrik enerjisinin alıcısı dövlətdir. Dövlət onlardan alış qiymətini yüksəltməlidir. “Təmiz Şəhər” kommersiya şirkəti deyil, sosial ekoloji qurumdur. Onlar üçün xüsusi sanitar xəttin verilməsi məqsədə uyğun olardı.

Qiymətlərin bahalaşması Tarif Şurasının yanaşmasından asılıdır. Şura həm də xüsusi tənzimləmə vasitələrindən istifadə edə bilər. Bir şirkətə görə Tarif Şurası bütövlükdə əhaliyə satılan elektrik enerjisinin qiymətinin bahalaşmasını şərtləndirə bilməz. Fikrimcə, burada xüsusi yanaşmaya ehtiyac var və Tarif Şurası bunu edə bilər.

Qonşu ölkələrlə – İranla, Qırğızıstanla müqayisə etsək, Azərbaycanda elektrik enerjisinin qiymətləri dəfələrlə bahadır. Elektrik enerjisiylə yanaşı, təbii qazın da qiyməti yüksəkdir. Fikrimcə, yaxın zamanlarda elektrik enerjisinin və qazın qiymətinin bahalaşmasıyla bağlı tarif Şurasının qərarı olmaz. Ancaq belə bir qərar olarsa, sosial baxımdan çox ədalətsizlik olardı”.

COP29