Müəllimlik peşəsi hər zaman müqəddəs hesab olunub, çünki müəllimlər cəmiyyətin ən əsas dayaqlarından biri olaraq, gənc nəslə bilik və dəyərləri ötürürlər.
Yenicag.az xəbər verir ki, Azərbaycanın tarixi elə müəllimlərin həyatına şahidlik edir ki, onlar yalnız tədris verməklə kifayətlənməyib, Vətən sevgisi ilə dolu ürəklərini sinif otağından səngərə daşıyaraq, torpaqlarımız uğrunda canlarından keçiblər. Onlar sinifdə öyrətdikləri dəyərləri, həyatları ilə sübuta yetirən əsl qəhrəmanlar oldular.
44 günlük Vətən müharibəsində şəhid olan müəllimlər öz şagirdlərinə yalnız bilik öyrətmirdilər, həm də onlara vətənpərvərliyi, cəsarəti və fədakarlığı öz nümunələri ilə aşılayırdılar.
Müharibə zamanı silaha sarılan və Vətən torpaqlarının azadlığı uğrunda döyüşən bu müəllimlər, hər birimizin qəlbində unudulmaz iz qoyublar. Bu şəhid müəllimlərin adı Azərbaycan təhsil tarixində əbədi yaşayacaq. Onların göstərdiyi şücaət, millətimiz üçün tükənməz ilham mənbəyidir.
Hər bir şəhid müəllim, öz fədakarlığı ilə sübut etdi ki, Vətənə xidmət yalnız sinif otağı ilə məhdudlaşmır; lazım gəldikdə hər bir müəllim vətəndaş kimi, torpağını müdafiə etməyə hazır olmalıdır. Şəhid müəllimlərimizin ruhu qarşısında baş əyərək, onların canlarını Vətənimiz uğrunda fəda etdiklərini heç vaxt unutmamalıyıq. Onların fədakarlığı Azərbaycanın işıqlı gələcəyini təmin edəcək gənc nəsillərin formalaşmasında daim yaşayacaq və yol göstərəcək.
Məsimə Məmmədova