Tarixə etinasızlıq, aparılan çirkin oyunlar – Səxavət Məmmədin Keşikçidağdan II REPORTAJI – FOTOLAR/VİDEO

Gürcülərin “Nifaq alması”na çevirdikləri Alban məbədi – Keşikçidağdan ilk reportajı sizə təqdim etmişdik.

Keşikçidağa getməyimizlə bağlı yazmazdan öncə, oradan qayıdanda yaşadığımız xırda bir dialoqu diqqətinizə çatdırım. 60-a yaxın yaşı olan bir müəllim deyir, “nə yaxşı getmisiniz ora, ömür boyu Ağstafadan çıxmamışam, oranın harada olduğunu bilmirəm”.

Əslində, müəllimin dediyi bu cümlə hər şeyi ortaya qoyur. Tariximizə marağın olmaması, etinasız yanaşmamız və s. Yeri gəlmişkən, o insan tək deyil. Ağstafada olduğumuz zaman hər görüşdüyümüz insandan Keşikçidağ haqqında soruşduq, onlardan biri belə orada olduğunu demədi. Hətta orada tarixi abidələrin olduğu barədə son hadisələrdən sonra xəbər tutanlar da olub.

Keşikçidağa bir neçə kilometr qalmış “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev ərazidə olan kurqanlar və katokombalar barədə məlumat verir.

Keşikçidağ bizim eradan əvvəl – İslamın Azərbaycana gəlişinə qədər Qafqaz Albaniyasının ərazisi olub. Qoruq ərazisində yerləşən Saqqızlı dərəsində AMEA-nın alimləri elmi-tədqiqatlar aparıblar. Araşdırmalardan məlum olur ki, ərazidə yaşayışın izləri daş dövrünə gedib çıxır. Son tunc-dəmir dövrünə aid isə 100-ə qədər kurqan var. Bu kurqanların tarixi nəinki İslamdan, eləcə də xristianlıqdan əvvələ təsadüf edir. Gürcülərin iddia etdiyinin əksinə, bu ərazidə onlara aid heç bir dəlil, sübut tapılmayıb.

Ümumiyyətlə, gürcülərin bu əraziyə gəlişi XI əsrdən sonraya, Qurucu David zamanına təsadüf edir. Tamaranın dövrünə qədər isə ərazidə yayılma olub. Yəni gürcülər əraziyə gəlmədirlər. Tarixə baxdıqda görünür ki, bütün bu ərazilər Azərbaycan dövlətlərinin nəzarətində olub. Ağqoyunlular və Səfəvilər dövründə isə Qara dənizə qədər nəzarət Azərbaycanda olub.

Tarixə etinasızlıq

Ağstafa camaatı ilə söhbət zamanı diqqət çəkən bir məsələ oldu. Həmin kurqan və qəbirlərin olduğu əraziyə “Gavur qəbiristanlığı” deyiblər. Səbəb isə çox sadədir. Belə ki, orada olan məbədlər xristianlıq dönəmindən qalıb. Sanki Azərbaycanın İslamdan əvvəl dini olmayıb, heç nəyə sitayiş etməyib.

Gürcülər də bundan istifadə edərək, oranı özününküləşdirmək istəyirlər. O zaman sual yaranır: bəs Azərbaycanın digər bölgələrində olan Qafqaz Albaniyasına aid xristianlıq məbədləri kimindir? Onları da gürcülər, ya da ermənilər tikib?

Haşiyədən kənar olsa da, birbaşa mətləblə əlaqəsi olan bir məsələni diqqətinizə çatdırım. Bir neçə il öncə Qazax rayonu ərazisində yerləşən Avey dağındakı məbədə qalxmışdım. Məbədin yaxınlığında olan hərbi hissənin komandiri dedi ki, bu, erməni kilsəsidir. Dedim, bu necə erməni kilsəsi ola bilər? Dedi, nə bilim, kilsədir də, bizim olası deyil ki. Bax, keçmişimizi danmaq, etinasızlıq göstərməyin nəticəsi olaraq qonşularımız durmadan bizə qarşı torpaq iddiası edir, tariximizi özününküləşdirmək istəyirlər.

Ötən yazıda Gürcüstan-Azərbaycan münasibətlərinin gərginləşməsinin səbəbi kimi Gürcüstan prezidenti Salome Zurabişvilinin mübahisəli əraziyə xəbərdarlıqsız girməsini göstərmişdik. Bəli, bu tam doğrudur. Ancaq Salome Zurabişvilinin belə bir addım atmasında və bu məsələlərin qızışdırılmasında əsas günahkar “Europa Nostra” təşkilatıdır. Təşkilatın “Keşikçidağ” qoruğu ilə bağlı hesabatına baxdıq. Aydın oldu ki, hesabatda təkcə gürcü alimlərin araşdırmalarına yer verilib. Azərbaycanlı heç bir alimin fikri alınmadan bura gürcü məbədi kimi göstərilib. Təbii ki, bu təşkilatın hesabatı əsasında da gürcülərin ərazini YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil etmək arzusu alovlanır.

Tarixdən çox danışdım, ancaq buna səbəbim var. Yuxarıda qeyd etmişdim ki, ərazidə 100-dən çox kurqan var. Maraqlısı ondadır ki, kurqanlardan cəmi 2-i Arxeologiya İnstitutu tərəfindən açılıb və orada tədqiqat aparılıb. Yerdə qalan kurqanlar, katakombalar isə araşdırılmaq üçün öz arxeoloqlarını gözləyirlər. AMEA Arxeologiya İnstitutuna il ərzində kifayət qədər büdcə ayrılır. Bundan əlavə, qrant layihələr də həyata keçirilir. Kiçik bir misal çəkim, neft borularının keçdiyi ərazilər haqqında BP şirkətinə “olar” məktubunu məhz bu institut verir və qarşılığında da çox ciddi rəqəmlər qazanır. Bu misalı çəkməkdə məqsədim odur ki, kimsə “maliyyə yoxdur” bəhanəsilə ortaya atılmasın.

Bu günə qədər ərazidə kompleks elmi-tədqiqat işlərinin aparılmaması isə nə “Europa Nostra”, nə də Salome Zurabişvilinin günahı deyil.

Rusların Azərbaycana gəlişindən sonra – 1836-cı ildə xristian albanların fəaliyyətinə xitam verilməsilə bağlı rus çarı tərəfindən göstəriş verilib. Həmin göstərişdən sonra Alban irsini gürcüvə ermənilər özününküləşdirməyə başlayıblar. XIX əsrin sonlarından başlayaraq isə gürcülər Keşikçidağ mağara və məbədlərində fəallaşıblar.

Mağaralarda və çöldə hərbi izlər

Mağaralarda olarkən ilk diqqət çəkən məqamlardan biri divarlardakı yazılar oldu. Yazılara baxdıqda açıq-aydın görsənir ki, burada hərbçilər olub və cızma-qaralar ediblər. Mağaralardan aşağı baxdıqda isə köhnə səngər yerlərlərinə bənzəyən işartılar görünür. Məsələni araşdırmaq üçün keçmiş hərbçilərlə söhbət apardıq. Məlum oldu ki, həmin ərazi sovet ordusunun genişmiqyaslı təlim məntəqələrindən olub. Zaqafqaziya Hərbi Dairəsi təlimi məhz Qarayazı poliqonunda keçirib. Görünür əsgərlər boş vaxt tapan kimi mağaraların içərisinə imzalarını qoyublar. Bəziləri ad-soyadını yazıb, bəziləri isə gəldiyi və getdiyi günləri qeyd ediblər.

Əldə etdiyimiz məlumata görə, 1988-ci ilə qədər gürcülər dini bayramları zamanı gəlib orada yeyib-içmək şənlikləri təşkil ediblər. Ancaq o ərazi heç zaman gürcülər üçün xüsusi əhəmiyyətli bir yer olmayıb. Sovet ordusunda, Zaqafqaziya Hərbi Dairəsində xidmət edən hərbçilərimiz bildirir ki, gürcülər 1988-ci ilə qədər orada mağaraları özününküləşdirmək üçün işlər görüblər. Mağaraların divarlarına kəj çəkərək onun üzərindən dini ayinlərin fotolarını – Freskalar həkk ediblər. Ancaq ayinlərin pərakəndə olması onu göstərir ki, bunlar sadəcə izləri qalsın deyə edilmiş işlərdir. 1836-cı ildə Alban katalikosluğunun ləğv edilib erməni qriqoryan kilsəsinə tabe edilməsindən sonra Alban xaçları gürcülər tərəfindən dəyişdirilib. Bundan əlavə, mağaralarda 3 qəbir aşkar edilib. Həmin qəbirlər də bizim eradan əvvələ aid insanlara məxsusdur. Mağaralar son dərəcə qədim olduğu halda, ordada yeni tikililərə rast gəlinir. Memarlarla söhbət zamanı bildirirlər ki, həmin tikililərin ömrü heç 100 il də deyil. Sadəcə tarixi saxtalaşdırmaq üçün görülən işlərdir.

Hazırda Gürcüstan tərəfi həmin ərazidən çox yaxşı pul qazanır. Belə ki, oraya gün ərzində onlarla turist axın edir. Hər gün Tiflis və Rustavi şəhərindən bir neçə avtobus məbədlərə aparılır. Bundan əlavə, xaricdən gələn turistlər üçün də məbədlərə turlar təşkil edilir.

Gürcü tərəfi həmin məbədləri özününküləşdirmək üçün artıq işləri tam sürətlə görür. Belə ki, yaxın günlərdə Tiflisdə keçiriləcək konfransda Azərbaycan alimlərinin Alban məbədi sözləri gürcülər tərəfindən çıxarılaraq, gürcü kilsəsi ilə əvəz edilib. Bu isə artıq elmi cəhətdən oranı özününküləşdirmək anlamına gəlir. Azərbaycan tərəfinin bunun qarşılığında hansı addım atacağı isə bilinmir.

Azərbaycan tərəfi əraziyə nəinki turistləri, qoruğun işçilərini belə bürokratik əngəllərlə buraxır. Bura daxil olmaq üçün Sərhəd Qoşunlarından 1 həftə öncədən icazə alınması əsas şərtdir.

Səxavət Məmməd
Foto və video müəllifə məxsusdur