Tarixə zəfər möhrü vuran lider: İlham Əliyev portretinin ştrixləri

 

Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən 42 yaşı vardı və o, dünyanın ən gənc dövlət başçılarından biri idi. Həmin vaxtdan 21 il keçir. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir.

Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş, dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də məğlub edilmiş və torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də sürətlə dəyişən və daim rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Yəni istər daxili siyasətdə, istərsə də xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə, milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın.

Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında, əslində, bir möcüzə idi. İlham Əliyev bu möcüzəni yarada bildi.

Yeni əsrin yeni lideri İlham Əliyev ötən 21 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasının əsasını təşkil edən üç mühüm güc – iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Prezidentliyi dönəmində bütün istiqamətlər üzrə xalqımıza böyük uğurlar qazandıran, ölkəmizi hərtərəfli surətdə inkişaf etdirən Prezident İlham Əliyev ərazi bütövlüyü və suverenliyi tam təsdiq olunmuş müstəqil Azərbaycanın qüdrətli lideridir. Bundan sonrakı dövrdə Azərbaycan Respublikasının çoxcəhətli inkişafının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün etibarlı şəkildə qorunması və dövlət suverenliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə meydana çıxacaq problemlərin milli mənafelərimizə uyğun surətdə həll edilməsi üçün əsl dövlət başçısından tələb olunan bütün keyfiyyətlər və xüsusiyyətlərin hamısı ən yüksək səviyyədə İlham Əliyevin simasında cəmlənmişdir.

Bu gün dünya miqyasında da İlham Əliyev kimi hərtərəfli yüksək siyasi-mənəvi keyfiyyətlərə, geniş intellektual imkanlara, böyük nüfuza malik olan və xalqının sarsılmaz etimadını qazanmış liderlər göstərmək çətindir. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, fəal aktorlardan birinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir. Azərbaycanın lideri, Prezident İlham Əliyev ölkəni lider dövlətlər sırasına yüksəldib. İlham Əliyev XXI əsrdə Azərbaycanı yüksək inkişaf etmiş müstəqil dövlətlər sırasına çıxarmağa tam qadir olan əsl liderdir. Bununla da Ulu Öndərin sovet dövründə Azərbaycanı ölkə kimi, XX əsrin 90-cı illərində isə respublikamızı müstəqil dövlət kimi xilas etməsi prosesi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla və qətiyyətlə həyata keçirilmişdir.
İlham Əliyev işğalçı Ermənistan üzərində savaşı qazanaraq sübut etdi ki, Azərbaycan nəinki müstəqil dövlət kimi inkişaf etməyə qadirdir, o həm də regionun aparıcı dövləti və qalib lideri olmaq qüdrətindədir.

Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin edib. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.

Nəticə etibarilə, yuxarıda sadalanan bütün nailiyyətlərimizin baş tacı Vətən müharibəsində əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Hər nə qədər Azərbaycan Prezidenti İlham Əliyev tarixi qələbəmizin birinci qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də, hamımız bilirik ki, milli güc, yalnız milli lider tərəfindən təşkilatlandırılanda və idarə olunanda həqiqi milli gücə çevrilir. Ona görə də Prezident İlham Əliyev sözün əsl mənasında xalqımızın Milli Qəhrəmanı, böyük tarixi şəxsiyyət və böyük dövlət xadimidir. Azərbaycan adına gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq, doğum gününüz mübarək, cənab Prezident!

Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin deputatı