!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixi proseslərin labüd qıldığı VAHİD İDEOLOGİYA: Azərbaycançılıq prinsipləri necə həyata keçirilir? - TƏHLİL

!Reklam – Yazi

Bu gün ölkəmizdəki dövlət və cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli-mənəvi birlik dayanır. Belə ki, Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda uğurla aparılır. Hazırkı dövrdə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçirilməsində əsas faktorlardan biri kimi çıxış edir.

Azərbaycançılıq ideyasının multikulturalizm prinsipi ilə ahəngdar uzlaşması və buna xidmət edən dövlət siyasəti böyük önəm və maraq kəsb edir.

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycançılıq ideyasının təbliği ilə bağlı proses uzun illər öncə başlayıb və bu gün qarşıya qoyulan hədəfə nail olunub:

“Bir ideologiyanın mövcudluğu uğrunda mübarizə aparmaq üçün, ilk növbədə, həmin toplumun bir sıra atributları olmalıdır. Təbii ki, Azərbaycanın coğrafi əraziləri minilliklər boyu Cənubi Qafqazın əsas hissəsini tutub. Böyük bir əraziyə sahib olan Azərbaycan dövləti zamanla keşməkeşli yollardan keçib, ağır müharibələr və bir sıra mənfi hadisələrdən sonra müəyyən itkilərə məruz qalıb. Lakin ərazilərin itirilməsi heç də millətin mövcudluğuna və ideologiyasının olmamasına səbəb deyil. Ona görə də Azərbaycanın bu istiqamət üzrə mübarizəsi daim davam edib.

SSRİ-nin tərkibində olan dönəmlərdə senzuranın olmasına baxmayaraq, Azərbaycançılıq ideyasının tərənnüm edilməsi üçün çox ciddi işlər görülürdü. Bunlardan ən önəmlisi 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ümummilli liderin tələbi ilə 1978-ci il Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit olundu. Bu, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən biri idi. Sözügedən Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddəni əhatə edirdi. Burada ictimai, siyasi sistemin, iqtisadi quruluşun əsaslarından, vətəndaşlıq hüququndan bəhs olunurdu, vətəndaşların hüquq və azadlıqları, vəzifələri ilə bağlı ayrıca bölmə və fəsillər nəzərdə tutulmuşdu. Bundan başqa, SSRİ və Azərbaycan SSR-in qarşılıqlı əlaqəsi, ittifaqın, respublikanın ayrıca və birgə səlahiyyətləri kimi məsələlər öz əksini tapmışdı. Bu, Azərbaycançılıq ideyasının əldə etdiyi ciddi uğurlardan biridir. Çünki bir millətin ideologiyasının qorunmasında əsas rollardan biri onun dilidir. Əgər dil yoxdursa, insanların ideologiya uğrunda mübarizə aparması qeyri-mümkündür.

90-cı illərin əvvəlində SSRİ süquta uğradıqdan sonra ciddi siyasi proseslər başladı. Azərbaycan öz müstəqilliyini bərpa etdi. 1995-ci il 12 noyabr tarixində Azərbaycanın ilk milli demokratik Konstitusiyası ümumxalq səsverməsi əsasında qəbul edildi. Bu Konstitusiyanın qəbulunu həm də siyasi, iqtisadi, sosial və mədəni sahələrdə baş verən fundamental dəyişikliklər, yeniliklər şərtləndirirdi. Konstitusiya öz sistemi, strukturu ilə ayrı-ayrı bölmələrin və fəsillərin bir-birini tamamlaması ilə, konstitusion nizama salmanın predmetinə daxil olan məsələlərin hüquqi tənzimi etibarilə tam təkmil və mütərəqqi idi. Təəssüf ki, müstəqilliyimizi bərpa edəndən sonra bəzi ərazilər bu azadlıqdan məhrum oldu. Təxminən 20 faiz ərazimiz işğala məruz qalmışdı.

2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndən sonra dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşməsi uğrunda ciddi addımlar atdı. Azərbaycançılıq ideologiyası ətrafında birləşməyimizə mane olan əsas problem torpaqlarımızın işğal altında olması idi. Artıq bu problem öz həllini tapıb və torpaqlarımız öz müstəqilliyini qazanıb. İkinci Qarabağ Müharibəsində əldə olunan qələbədən sonra insanlarımız milli ideologiyamız ətrafında birləşməyə nail olublar. Fikrimcə, Azərbaycançılıq ideyası artıq beynəlxalq səviyyədə tərənnüm edilib. Bu gün işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması üçün əhəmiyyətli addımlar atılır. Bu işə təkcə azərbaycanlılar deyil, Azərbaycan xalqına dost olan dövlətlər də cəlb olunub. Bu onu göstərir ki, Azərbaycançılıq ideologiyasını açıq şəkildə tərənnüm edən işlər uğurla həyata keçirilir. Sözügedən ideologiyanın qorunması hər bir Azərbaycan vətəndaşının borcudur”.

Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov, öz növbəsində, qeyd edib ki, bu gün Azərbaycançılıq ideologiyası arzuolunan səviyyədədir:

“Hər bir cəmiyyət üçün ideologiyalar çox vacibdir. Dünya tarixində bu və ya digər şəkildə müxtəlif ideologiyalar başlıca meyar olub. Çünki insanların dövlətin daxilində yaşaması və vahid siyasətin effektiv şəkildə aparılması üçün hansısa ideologiya ətrafında birləşməsi vacibdir. İlk ideologiya kimi dini baxışlar ayrı-ayrı dövlətlər və cəmiyyətlər tərəfindən qəbul edilib. Daha sonra insanların birləşməsində milliyyət anlayışı xüsusi rol oynamağa başladı. Azərbaycanda tolerantlıq, ayrı-ayrı etnik qruplara qarşı xoş münasibət hər zaman əsas götürülüb. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda pərakəndəlik, etnik dini iğtişaşların vüsət almasını istəyən xarici qüvvələr var idi. Lakin onların siyasəti iflasa uğradı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycançılıq ideologiyası əsas prinsip kimi qeyd edildi. Bu isə o deməkdir ki, ölkəmizdə dinindən asılı olmayaraq, hər kəs azərbaycanlıdır və cəmiyyətin çiçəklənməsi üçün əlindən gələni etməlidir. Azərbaycançılıq ideologiyası o dövrlərdə çox vacib nüans idi və nəticə etibarilə cəmiyyətdəki inteqrasiya prosesinə təsir edirdi. Bu gün də Azərbaycançılıq prinsipi əsasında cəmiyyətin inkişafı və tərəqqisi əsas hədəflərdən biridir. Azərbaycanın daxilində nifaq salmaq istəyən dövlətlər isə istəyinə nail ola bilməyib.

Qonşu dövlətlərə nəzər salsaq, görərik ki, ideoloji ideyaların düzgün qoyulmaması nəticəsində cəmiyyətdəki siyasi və sosial qruplar arasında çox ciddi şəkildə pərakəndəlik hökm sürür. Azərbaycanda isə daxili və xarici siyasət baxımından vahid ideya var. Heç bir siyasi, sosial və etnik qruplar arasında hansısa məsələ ilə bağlı fikir uçurumu yoxdur. Bu hər bir cəmiyyət üçün olduqca vacib amildir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv