!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixi zəfərimiz zaman ötdükcə əzəmətli görünür – Ülvi Quliyev yazır

!Reklam – Yazi

BMT Baş Assambleyasının 76-cı sessiyasında təşkilatın Baş Katibi Antonio Quterreş dünya dövlətlərinə çağırış etdi: “Dünya ayılmalıdır. Biz uçurumun kənarındayıq və yanlış istiqamətdə hərəkət edirik. Dünyamız hələ heç zaman belə böyük təhlükə ilə qarşılaşmayıb və bu qədər güclü parçalanmayıb”.

Yarandığı gündən bu mötəbər beynəlxalq qurumun nüfuzlu tribunası çoxsaylı çağırışların şahidi olub. Lakin Baş Katib tərəfindən bu dəfə verilən bəyanat məna yükü və kəskinliyi ilə onların əksəriyyətindən fərqlənir. Cərəyan edən qlobal prosesləri az-çox izləyən hər kəs dünyanın çalxalandığını görür. Bu, təkcə Covid-19 pandemiyası və qlobal iqlim dəyişikliyi ilə bağlı deyil. Əgər Sovet İttifaqı dağıldıqdan sonra birqütblü dünya nizamının memarına və əsas söz sahibinə çevrilən ABŞ Kapitoliyası aqressiv kütlənin hücumuna məruz qalırsa və rəsmilər bunda keçmiş prezidenti günahkar bilirsə, bu artıq o deməkdir ki, əsrlər boyu toxunulmaz hesab edilən demokratik dəyərlərə ictimai münasibət dəyişib. Əgər ABŞ-ın yeni seçilmiş Prezidenti çoxqütblüyə iddialı olan Rusiyanın dövlət başçısını ictimai şəkildə qatil adlandırırsa və çavabında ona güzgüyə baxmaq təklif olunursa, deməli, ənənəvi diplomatik danışıq tonu da getdikcə daha çox deformasiyaya uğrayır. Nəhayət, əgər ABŞ və Çin kimi supergüclərin dövlət başçıları bir-birinə hücum etməyəcəkləri barədə bəyanat vermək məcburiyyətində qalıblarsa, bu artıq o anlama gəlir ki, qlobal qarşıdurmanın isti fazasına çox yaxınlaşmışıq. Vəziyyətin daha mürəkkəb tərəfi ondadır ki, eyni hərbi blokda-NATO-da təmsil olunan və eyni dəyərləri bölüşdüklərini bəyan edən Qərbin öz içində də ziddiyyətlər və maraqların toqquşması tüğyan edir. Avstraliya, Böyük Britaniya və ABŞ yeni alyansda (AUKUS) birləşir, dəyəri milyardlarla ölçülən, daha əvvəl razılaşdırılmış layihə Fransanın əlindən alınır və o, etiraz əlaməti olaraq səfirini ABŞ-dan geri çağırır. NATO-da ABŞ-ın əsas müttəfiqlərindən biri olan qardaş Türkiyə ilə “S-400”-lə bağlı mövqelərin toqquşması da ortadadır. “Şimal Axını-2” layihəsi isəABŞ və Almaniya münasibətlərində gərginliklə müşahidə olunur.

Dünya idarəçiliyində əsas söz sahibliyinə iddialı olanlar öz istək və ambisiyalarında elə bir həddə yaxınlaşıblar ki, qırmızı xəttin keçilməməsi üçün beynəlxalq səylərin daha ciddi şəkildə əlaqələndirilməsinə ehtiyac duyulur. BMT Baş Katibinin həyəcanlı çağırışının səbəbi, əslində, çox üzdədir. Böyük dövlətlərin siyasi maraqları və onların təmin olunması naminə istifadə etdikləri ikili standartlar və güc amili beynəlxalq hüququ o dərəcədə arxa plana keçirib ki, BMT Nizamnaməsinin tələblərinə əməl olunmaması və ya onun icrasına seçmə üsulu ilə yanaşılması az qala adiləşir.

BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrinə videoformatda qoşulan Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətini, ilk növbədə, bu cür təhlükəli meyllərin artmasına yönəltdi. Dövlətimizin başçısı bir daha “peyvənd millətçiliyinə” etirazını bildirdi, vaksinlərin bölgüsündə və əlçatanlığında haqsızlığa yol verildiyini açıq şəkildə bəyan etdi: “Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”. Prezidentimiz pandemiyanın insanların həyat və sağlamlığına, eləcə də ölkələrin iqtisadiyyatına və xarici ticarət dövriyyəsinə vurduğu ziyanın miqyasına diqqət çəkərək, Covid-19-dan sonra qlobal bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi.

Beynəlxalq aləmdə hüququn arxa plana keçməsindən, ayrı-seçkilik və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Acınacaqlısı odur ki, bu cür haqsız yanaşmanın arxasında, əslində, ədaləti təmin etməli olan bəzi dünya gücləri dayanır. Bəşəri dəyərlər və demokratiya pərdəsi altında kiçik dövlətləri öz siyasi maraqlarına uyğun şəkildə yaşamağa təhrik edən bu güclər, nəhayət, razılaşmalıdırlar ki, siyasi təzyiq və güc amili beynəlxalq hüququ üstələdikcə, bu, kiçik ölkələrlə yanaşı, onların özlərini də ciddi sınaqlarla üz-üzə qoyur. Müasir dünyada inzibati-ərazi ölçüsünə və ya əhalisinin sayına görə aparılan böyük-kiçik bölgüsü heç də o demək deyil ki, həmin meyar tarixi böyüklüyün də ölşüsü hesab oluna bilər. Prezident İlham Əliyev bu incə məqamı çıxışında xüsusi qabartdı: “Xll əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərə üst-üstə düşür”. Səkkiz əsrdən sonra beynəlxalq platformalara daşınan bu ali dəyərlərə münasibətdə ayrı-seçkiliyə yol verildiyinə görə, yalnız bir üzü olmalı olan ədalətin özü də getdikcə “çoxüzlü”ləşir, ona bəslənilən ictimai inam daha çox sınağa çəkilir. Dövlətimizin başçısı ölkəmizin üzləşdiyi ədalətsizliyə növbəti dəfə diqqət çəkdi və bir daha dünya ictimaiyyətinə bu acı həqiqəti xatırlatdı: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı”. Prezident İlham Əliyev bu cür selektiv yanaşmanın ikili standartların göstəricisi olduğunu bəyan etməklə yanaşı, qətnamələrin icrası məqsədilə işlək beynəlxalq mexanizmin yaradılmasını yenidən təklif etdi. Çünki 76 il əvvəl veto və konsensus prinsipləri əsasında fəaliyyəti nəzərdə tutulan BMT-nin idarəçiliyinin təkmilləşdirilməsinə, zaman keçdikcə, daha çox ehtiyac hiss olunur. Təhlükəsizlik Şurasının beş daimi üzvündən hər hansı biri veto hüququndan istifadə edərsə,bu, hansısa ədalətsiz təşəbbüsün qarşısını ala bilər, lakin eyni hüquq ədalətli qərarın qəbul olunmasına da imkan vermir.Yəqin ki, BMT yaranan vaxtlarda konsensusun əldə olunması ehtimalı və qarşılıqlı etimad səviyyəsi indikindən daha yüksək olub. Bir həqqiqət də budur ki, qardaş Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, artıq “Dünya beşdən daha böyükdür”.

Dövlətimizin başçısı Minsk qrupunun köhnə gündəliyini diriltməyə çalışanlara da gərəkli mesajını verdi: “ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər”. Başqa sözlə, Prezident İlham Əliyev faktiki olaraq dedi ki, həmsədrlər geniş siyasi təsir və hüquqi təzyiq imkanlarına baxmayaraq, 28 il ərzində bunu etmədilər və ya etmək istəmədilər. Bu iki haldan heç biri vasitəçilik institutunun səmərəsiz fəaliyyətinə haqq qazandıra bilməz. İkili standartların beynəlxalq hüququ bəzən necə üstələdiyini göstərmək üçün, Prezidentimiz bu bəyanatı da verdi: “Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”.

 

Prezidentin çıxışı ciddi bəyanat və önəmli mesajlarla zəngin olduğu qədər, mövqe konkretliyi ilə də seçilirdi. Dövlətimizin başçısı beynəlxalq auditoriya qarşısında açıq şəkildə bildirdi ki, Ermənistan əvvəllər olduğu kimi, indi də tək deyil. Onun öz hamilərinə güvəndiyi, dövlət sərhədlərini bir başqasının qoruduğu, “İsgəndər-M” tipli təhlükəli silahlarla təchiz edildiyi mötəbər auditoriyanın diqqətinə çatdırıldı. Prezidentimiz dünya birliyinin nəzərinə onu da çatdırdı ki, Ermənistan 28 il ərzində işğal altında saxladığı torpaqlarımızı viran qoyub, 67 məsciddən 65-ni, hətta məzarlarımızı dağıtmaqla kifayətlənməyərək, onları təhqir edib, 9 şəhərimiz və yüzlərlə kəndimizlə yanaşı, tarixi və mədəni irsimizi yer üzündən silib, etnik nifrət və irqçilik zəmnində Xocalı soyqırımını törədib, müharibə günlərində mülki əhalimizə qarşı insanlıq əleyhinə yönələn digər çoxsaylı müharibə çinayətlərinə imza atıb. Ermənistan minaladığı ərazilərin xəritəsini ölkəmizə verməməklə mülki şəxslərin və hərbçilərimizin həyatını, sağlamlığını hədəf seçib, bununla da cinayətlərinə yenilərini əlavə edir. Prezident İlham Əliyev bütün bu acı həqiqətləri dünya ictimaiyyətinin, dövlət və hökümət başçılarının nəzərinə çatdırmaqla nə dərəcədə məkrli və vəhşi düşmənlə üz-üzə qaldığımızı, haqq savaşında özünümüdafiə hüququndan istifadə etdiyimizi bildirdi: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.

Əminəm ki, Prezidentimizin növbəti mesajı cəmiyyətimizi nə qədər məmnun etdisə, Ermənistanı və ona himayədarlıq edənləri, Minsk qrupunun gündəliyini diriltməyə çalışan dairələri bir o qədər məyus edib: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Dövlətimizin başçısı bu çıxışında da Ermənistandakı revanşist qüvvələrə və bu meyli kənardan qızışdıranlara, ölkəmizə qarşı Ermənistandan alət kimi istifadə edənlərə, son 30 ildə qətiyyətsiz və səmərəsiz fəaliyyəti ilə yadda qalan beynəlxalq qurumlara, ən başlıcası, tarixi ədalətin və beynəlxalq hüququn tərəfində dayanan dünya xalqlarına açıq mətnlə bu mesajı da göndərdi: “Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.

Tarixi Zəfər Gününə ay yarım vaxt qalır. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, dünyadakı ikili standartların, güc amilini beynəlxalq hüquqdan üstün tutanların qarşısında yenə də qalib Xalqın qalib Sərkərdəsinin inamlı mövqeyi dayanır. Çünki bu mövqe tarixi ədalətə və beynəlxalq hüquqa, Azərbaycan xalqının yekdil iradəsinə və onun birmənalı dəstəyinə söykənir. Əminəm ki, bu mənzərəni həm qardaş və dost ölkələr, həm də bədxahlarımız açıq-aydın görə bildilər. Həqiqətən, çalxalanan dünyada əldə etdiyimiz tarixi Zəfər zaman ötdükcə daha əzəmətl görünür. Çünki Ali Baş Komandanımızın 44 gün ərzində düşmənə göstərdiyi həmin o dəmir yumruğu artıq qalib və qürurlu xalqın birliyini ifadə edir!

Ülvi Quliyev

Milli Məclisin deputatı

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv