Tarixin “Sabiqlər köşəsi” – Araz Zeynalov yazır

SSRİ-nin dağılmaq üçün aramsız silkələndiyi, Azərbaycanın təlatümlü dönəmə daxil olduğu son dərəcə mürəkkəb dövrdə respublikaya rəhbər təyin edilmişdi. Sovetlərin törətdiyi 20 Yanvar qırğınında tökülən qanlar hələ qurumamış, millətin qəzəbi şkalanın ən yüksək həddinə çatmışdı.

Ayaz Mütəllibov belə bir vaxtda – 1990-cı il yanvarın 25-də Azərbaycanın 1-ci kreslosuna əyləşdirilmişdi. Mütəllibov buna hazır idimi? Onun özünün də bilmədiyi sualın cavabı təqribən 26 aydan sonra hər kəsə məlum olacaqdı…

Onun hansısa zavodun kollektivi qarşısında ilk publik çıxışını xatırlayıram. Mərhum atasından sitat gətirmişdi: “Atam mənə hər zaman deyib ki, heç vaxt haram tikə yemə”. Ancaq haram tikə yeməmək effektli rəhbərlik üçün yetərliydimi? Bu sualın cavabı da özünü çox gözlətməyəcəkdi.

Mütəllibov hakimiyyətə indiki anlamda desək, texnokratiyanın təmsilçisi kimi gəlmişdi. Yəni 1-ci katibliyə qədər praktik iqtisadiyyatla məşğul olmuş, siyasətdən çox təsərrüfatda tanınmışdı. Siyasi intriqalardan kənarda qalması və vacib “siyasi fənd”ləri mənimsəməməsi onun karyerasının vaxtından əvvəl qüruba yuvarlanmasına çox təsir göstərdi.

Onun liberal təbiətini tərəfdarları ilə yanaşı, rəqiblərinin də çoxu inkar etmir. 1990-cı il 20 Yanvar qırğınlarından 4 ay sonra Azərbaycanda ilk siyasi açılıma getdi. Azərbaycan Xalq Cəbhəsinin (AXC) açıq fəaliyyəti təmin edildi, “Azadlıq” qəzetinin nəşri bərpa olundu, siyasi məhbusların azadlığa buraxılmasına dəstək vədi verildi. Bu anlaşma sayəsində AXC Mütəllibovun Ali Sovetdə prezident seçilməsinə etiraz etmədi.

1990-ci ilin sentyabrında sovet Azərbaycanında ilk dəfə çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi, müxalifətin 30-dan artıq namizədinin Ali Sovetə seçilməsinə əngəl yaradılmadı. Yeni tərkibli Ali Sovetin ilk iclasında isə respublikanın adındakı “Sovet Sosialist” sözləri çıxarıldı, bir çox yaşayış məntəqələrinin tarixi adı bərpa edildi.

Bütün bunlara baxmayaraq, Mütəllibovu nə qətiyyətli rəhbər, nə də usta siyasətçi kimi təqdim etmək mümkündür. 1991-ci ilin avqustunda baş verən “QKÇP” avantürasında tutduğu yanlış mövqe də bu təsbiti doğrulayır. Tehran səfəri zamanı “QKÇP”yə dəstək bəyanatı verməsi onun kabusuna çevrildi.

Artıq SSRİ-ni süqutdan qoruyacaq heç bir amil qalmamışdı. Hətta Orta Asiya respublikaları belə öz müstəqilliklərini bəyan etdikləri halda, Mütəllibov tərəddüd içində idi. Ona görə də Müstəqillik Haqqında Konstitusiya Aktının qəbulu oktyabrın 18-nə qədər uzandı.

Mərhum prezident ermənilərin artan hərbi təcavüzü qarşısında da təsirli siyasət yürüdə bilmədi. Milli Ordu quruculuğunun yubadılması, Moskvaya bəslənən ümidlər, ard-arda yaşanan uğursuzluqlar, ərazi itkiləri, nəhayət, Xocalı Soyqırımı Mütəllibovun sonunu gətirdi. 1992-ci il martın 14-də Ali Sovet onun prezident səlahiyyətlərini bərpa etsə də, bu revanşın ömrü heç bir gün də sürmədi.

Moskvaya üz tutan Mütəllibov uzun müddət orada yaşadı. Yazdığı memuarda, verdiyi müsahibələrdə özünü haqlı göstərməyə çalışsa da, bu onun aqibətini dəyişmədi. 11 il əvvəl isə Bakıya qayıdaraq son illərini paytaxtda keçirdi, hakimiyyətin fəaliyyətini təqdir edən bəyanatlar verdi.

Ayaz Mütəllibov necə xatırlanacaq? Əksəriyyət onu qətiyyətsiz olduğu qədər də faciəli siyasətçi hesab edir. Hətta onun normal şərtlərdə çox faydalı prezident ola biləcəyini düşünənlər də var. Lakin tarix ona bu şansı artıq heç vaxt tanımayacaq.

Yeri gəlmişkən, Mütəllibovun siyasi bioqrafiyasında qırmızı xəttlə keçən mühüm detallardan biri də onun adının korrupsiyada, demək olar, hallanmamasıdır.

Allah rəhmət eləsin.

COP29