Tatu və pirsinqdən istifadə bu xəstəliklərə səbəb olur

Son illər tatu və pirsinqdən istifadə hallarının artması B viruslu hepatitlərin sayının çoxalmasına öz təsirini göstərir.

Yenicag.az-ın məlumatına görə, bunu Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

O bildirib ki, viruslu hepatitlərin insan orqanizmində yoluxması baş verdikdən sonra ağır fəsadların olması qaçılmazdır.

H.Qədirova qeyd edib ki, hepatit A xronika hala çox nadir hallarda keçir: “Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xronika hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta “mülayim qatil” deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur”.

Həkim qeyd edib: “B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa bu ömürlük olur. Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdən keçib. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B,C, D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlığı yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfindən cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir”.

COP29