Taxıl istehsalçıları niyə müflis olur? – Təcili tədbir görülməsə… – ARAŞDIRMA

Hazırda sahələrdən yığılan buğda istehsalçılardan Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləndən xeyli aşağı qiymətə alınır. Bu hal da taxıl istehsalçılarını çətin vəziyyətə salıb. “Yeni Çağ”ın apardığı araşdırma zamanı məlum olub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2023-cü il üçün 1 ton ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 450 manat olaraq müəyyənləşsə də, hazırda rayonlarda 1 ton ərzaqlıq buğda 290-300, arpa isə 320-330 manata alınır.

Məlumat üçün bildirək ki, hazırda 1 hektar ərazidə taxıl əkib becərmək istehsalçılara təxminən 700-800, bəzən də 1000 manata başa gəlir. Belə ki, 1 hektar ərazi 50 manata şumlanır. Həmin ərazi 25 manata malalanır, orada 25 manata səpin aparılır. 1 hektar torpağa təxminən 250 kiloqram toxum səpilir. Toxumluq taxılın 1 kiloqramı isə 50-80 qəpik aralığında olur. Bu da  125-200 manat deməkdir. Taxıl sahələrində payızda və yazda gübrələmə və dərmanlama işləri aparılır. Payızda torpağa səpilən gübrənin 1 kisəsi, yəni 50 kiloqramı  təxminən 50 manat civarında olur. Hər hektara isə təxminən 5 kisə və ya 250 kiloqram gübrə verilməlidir. Bu da 250 manat edir. Yazda torpağa səpilən gübrənin 1 kisəsi, yəni 50 kiloqramı təxminən 20 manat civarında olur. Hər hektara isə təxminən 5 kisə və ya 250 kiloqram gübrə verilməlidir. Bu da 100 manat edir. Orta hesabla il ərzində təxminən 100 manatlıq müxtəlif dərmanlar almaq lazım olur. Eyni zamanda gübrə və dərmanların sahələrə səpilməsi üçün hər hektardan ötrü texnikaya 10 manat verilməlidir.  1 hektar sahədə kombaynla biçin aparmaq üçün 50 manat ödəmək lazımdır. 100-200 manat da digər müvafiq işlərin, məsələnin daşımanın və s.-nin həyata keçirilməsi üçün ödənilməlidir.

Bildirək ki, hazırda bir çox pay torpaq sahibi sərfəli olmadığı üçün ərazilərini icarəyə verib. Belə ki, 1-2 hektar sahədə taxıl əkmək sərf etmir. Bu halda demək olar ki, gəlirlər xərcləri ödəmir. Ona görə də, belə şəxslər sahib olduqları torpaqları daha çox ərazidə, məsələn, azı 10-15 hektarda taxıl əkən şəxslərə icarəyə verirlər. Razılaşmalara əsasən, bir çox hallarda torpaq sahibləri icarədarlardan hər hektara görə müvafiq miqdarda taxıl alır. Eyni zamanda da dövlət tərəfindən verilən subsidiyaları götürürlər.

Qeyd edək ki, bu il dəmyə torpaqlarda taxılın məhsuldarlığı olduqca aşağıdır. Belə ki, bəzi sahələrdə məhsuldarlıq aşağı olduğu üçün biçin aparılmayıb. Biçin aparılan sahələrdən orta məhsuldarlıq isə 1 ton 500 kiloqram 2 ton aralığındadır. Bu isə hazırkı qiymətlərə əsasən, 400-500 manat deməkdir.

Sadalananlardan da göründüyü kimi, hazırda taxılın qiymətinin 30 qəpik civarında olması, çoxlu sayda istehsalçını müflis olmaq təhlükəsi ilə üzləşdirib. Buna görə də, dövlət tərəfindən bu məsələ təcili nəzarətə götürülməlidir. Taxılın istehsalçılardan alışı minimum 40 qəpiyə təşkil olunmalıdır. Əks təqdirdə, bu hal coxlu istehsalçının taxılçılıq sahəsindən uzaqlaşmasına səbəb ola bilər.

Onu da qeyd edək ki, son günlər ölkədə çörək daha 5 qəpik ucuzlaşaraq 60 qəpik olub. 1 kisə, yəni 50 kiloqram un 38 manatdan düşərək 31 manat olub. Ekspertlər deyirlər ki, respublikada çörək və çörək məhsullarının nisbətən ucuzlaşması təqdirəlayiq haldır. Lakin bu işlər elə həyata keçirilməlidir ki, istehsalçılara ziyan dəyməsin. Bu baxımdan hazırda taxılın alış qiymətinin Nazirlər Kabinetinin sərəncamında göstərilən 45 qəpiyə uyğunlaşdırlması olduqca vacib sayılır. Həm də bu işin təcili, 1-2 gün ərzində reallaşdırılması zəruridir. Çünki istehsalçıların əksəriyyəti taxılı birbaşa sahədə satırlar. Çünki onların taxılı saxlamaq üçün anbarları yoxdur. Buna görə də, biçin başa çatandan sonra taxılın qiyməti artsa belə, bu, onlar üçün faydasız olacaq. Yeri gəlmişkən, artıq bir sıra istehsalçılar istehsal etdikləri taxılı kiloqramı 29-30 qəpiyə olmaqla, sahədə satmaq məcburiyyətində qalıblar.

Xatırladaq ki, 2022-ci il üçün yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 580 manat müəyyən olunub. İstehsalçılardan buğdanın 1 kiloqramı 57-58 qəpiyə alınıb.

COP29