“Ukraynanın taxılı ixrac edə bilməməsi qiymətlərə təsir göstərəcək səviyyədədir”.
Bu sözləri Ukrayna və Rusiya arasında bağlanmış Taxıl Müqaviləsinin müddətinin bitməsinə və bunun fonunda dünya bazarında, eləcə də ölkəmizdə yarana biləcək qiymət artımına münasibət bildirən iqtisadçı ekspert Elçin Rəşidov Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, müqavilə müddəti uzanmasa, Ukrayna alternativ ixrac kanallarından da istifadə edə bilər:
“Taxıl və taxıl məhsullarının dünya və Azərbaycan bazarında qiyməti tələb və təklif əsasında formalaşır. Daha dəqiq desək, qiymətlər müxtəlif ölkələrin taxıl ixracı potensialı məsələnin təklif, taxıl idxalı pronozu isə məsələnin tələb tərəfi əsasında təyin edilir. Hazırda dünyada taxıla olan tələbin azalması ilə bağlı bir proqnoz yoxdur.
Dünya əhalisi artır, insanların daha çox qidaya ehtiyacı yaranır. Yalnız iqtisadiyyat gücləndikcə, taxıla olan ehtiyac azala bilir. Çünki artıq onu başqa məhsullar əvəz edir. Günümüzdə dünya iqtisadiyyatında güclü artım müşahidə edilmir. Məsələn, əgər Azərbaycanı nümunə göstərsək, təkcə ölkəmizdə son bir neçə ildə iqtisadi baxımdan tənəzzül yaşanır. Bunun nəticəsində insanlar taxıl məhsullarına daha çox üstünlük verirlər. Bu cür məhsullara iqtisadiyyatda inferyer məhsulları deyilir ki, buna da keyfiyyəti daha aşağı olan əmtəə kimi baxılır.
Ukrayna dünya bazarında əhəmiyyətli ixracatçılardan biri hesab edilir. Bu da onun taxılı ixrac edə bilməməsi qiymətlərə təsir göstərəcək səviyyədədir. Taxıl Müqaviləsi ilə Rusiya Ukraynaya taxılın ixracına görə, el dili ilə desək, sanki “baba yolu” verirdi. Artıq belə bir güzəştin iyulun 18-dən sonra artıq olmayacağı ehtimal edilir. Bu da o deməkdir ki, əgər müharibə daha bir il də uzanarsa, Ukrayna növbəti ildə taxılını gəmilərlə daşıya bilməyəcək.
Taxıl ixracının ən əhəmiyyətli hissəsi də gəmilərlə daşınır. Bu metod da uzaq məsafələrə daha ucuz çatdırılmanı təmin edir. Lakin alternativləri də nəzərə alaq: Ukraynanın qonşu ölkələrə çıxışı mövcuddur. Bunn sayəsində həmin ölkələrin bazarına çıxışı təmin edə bilər. Həmçinin dəmiryolundan da istifadə edərək Avropaya taxıl ixracını davam etdirə bilər. Bütün bunlara baxmayaraq bu versiyalar əlavə xərcə səbəb olacaq. Həmin əlavə xərclər üzündən növbəti il üçün taxıl əkini azalmış ola bilər. Belə ki, fermerlər gəlir gözləntisini arzuedilən səviyyədə əldə edə bilməsə, bu hal yaşana bilər. Yəni belə bir əsaslı proqnoz mövcuddur. Lakin qeyd etmək lazımdır ki, bazar gözlənilməzliklərlə doludur. Əvvəla Ukraynanın özünün davranışında fərqli yanaşma, üstəgəl kənd təsərrüfatında məhsuldarlığın dəyişimi və başqa ölkələrin də ixrac potensialları qiymətlərə təsir edə bilir”.
Yusif Səmədzadə