“Gürcülər bu etirazları siyasi mövqe kimi ortaya qoysa, “Gürcü arzusu” siyasi partiyası məğlub olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Gürcüstanda baş verən proseslər, mitinqlər və gözlənilən nəticələri dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadə bildirib ki, əvvəl-axır Gürcüstan Rusiyanın təsirindən çıxacaq.
“Yaxın gələcəkdə ondan ibarətdir ki, İvanişvili etirazçıları əzəcək, istədiyinə nail olacaq. Əgər noyabr ayında seçkilərdə xalq bu etirazları siyasi mövqe kimi ortaya qoysa, “Gürcü arzusu” siyasi partiyası məğlub olacaq. Onun yerinə gələn yeni hakimiyyət o səfeh qanunu ləğv edəcək. Bu, yaxın gələcəkdir, – deyə o bildirib.
Politoloq qeyd edib ki, uzaq gələcəkdə isə “Gürcü arzusu” seçkiləri noyabrda udsa belə, gürcü xalqının azadlıq, Avropa istəyi dəyişməzdir:
“Əvvəl-axır Gürcüstan Rusiyanın təsirindən çıxacaq.
Gürcüstanda Azərbaycana nisbətən camaat bir qədər daha sərbəsdir. Çünki onların Saakaşvilisi olub. Bizdə isə belə bir şey olmayıb. Onlarda islahatlar olub, bizdə isə olmayıb. Gürcü ziyalıları bizimkilərə nisbətdə bir qədər sərbəstdirlər, xalqı düşünürlər. Bizdə isə ziyalılar üçün birinci növbədə duran şey qarındır. Ona görə də, gürcülər Avropaya bizdən bir köynək daha yaxındır”.
Səxavət Məmməd