TBMM-in Komissiya sədri: “Qorxurlar”

“Aprelin 16-da keçiriləcək Konstitusiya referendumunda “Evet” çıxmasından qorxurlar”.

Bu fikirləri TBMM-in Türkiyə-Avropa İttifaqı (Aİ) Birgə Komissiyasının sədri, AKP İstanbul millət vəkili Ahmet Berat Çonkar Yeniçağ.Az-a özəl açıqlamasında səsləndirib:

“Avropada irqçi ayrı-seçkilik, əcnəbi düşmənçiliyi aparan qara düşüncələr xortlamağa başlayıb. Türkiyə və xüsusilə Avropa İttifaqı arasındakı münasibətlərdə ötən illərdə də bir neçə dəfə çətin dönəmlər yaşanıb. Ancaq Türkiyə olaraq, hər zaman konstruktiv mövqe tutaraq, sağlam fikirlərlə hərəkət etdik. Türkiyə olaraq öz kimliyimizə, inanclarımıza, mədəniyyətimizə bağlı millət kimi qürurlu duruşumuz, Avropalı həmkarlarımızdan ədalət tələb etməyimiz onların narahatlığına səbəb olub, bəzilərininsə narahatlığını daha da artırıb.

Açıq söyləmək lazımdırsa, Avropa Parlamenti, Aİ strukturları, Aİ-nin bir sıra ölkələri və onların liderləri Türkiyəni əvvəllər olduğu kimi idarə etmək, müxtəlif bəhanələrlə daxili siyasətimizə qarışmaq, üzvlük prosesində Türkiyəyə qarşı qeyri-səmimi tövrlərinə icazə verməməyimizə, onları səmimi olmağa çağırmağımıza, ziddiyyətli və uyğunsuz hərəkətlərini üzə çıxartmağımıza görə müvazinətlərini itirirlər.

Son illərdə təşkilatlanmış şəkildə yersiz və əsassız iddialarla Türkiyə və Rəcəb Tayyib Ərdoğana qarşı apardıqları kampaniyaları genişləndirən bu ölkələrin və qurumların istədiklərini əldə edə bilməmələri, Türkiyənin terrorla mübarizədə ortaya qoyduğu haqlı və qətiyyətli mövqe, qurulmuş tələlərin dağıdılması, Türkiyənin regionda oyun qurucusu olaraq təsirini artırması, ölkəmizə sığınan qaçqınlara insanlığın tələb etdiyi qaydada sahib çıxması və bu prosesdə bəzi Qərb ölkələrinin ardıcıl olmamaları səbəbindən nüfuzdan düşmələri onların psixologiyalarını daha da aqressivləşdirir.

Avropa İttifaqının və Aİ-nin bəzi ölkələrinin üzləşdikləri ciddi problemlər də indi tutduqları nalayiq tərz baxımından, əhəmiyyətlidir. Avropada irqçi ayrı-seçkiliyi salan və əcnəbilərlə düşmənçilik aparan, İslam dininə düşmən kəsilən düşüncə xortlamağa başlayıb.

Həqiqətə uyğun olmadığı halda həmrəylik göstərərək, insan haqları, azadlıqlar, mətbuat azadlığı kimi məsələlərdə Türkiyəyə ünvanladıqları tənqidlərdə hədd bilməyən Avropa Parlamentinin rəhbərliyi və əksər üzvləri, reportyorlar, insan haqları qurumları, media orqanları, Hollandiyada sammit keçirən, Almaniya, Avstriya və digər ölkələrdə çoxlu nümunələri olan irqçi, faşist, demokratik dəyərləri ayaqlar altına salan və bütün dünyanın canlı izlədiyi bu eybəcərliklərə etiraz səslərini nəinki ucaltmadılar, hətta o davranışları dəstəkləyən mövqe tutdular.

Həmin Avropa 15 iyulda FETÖ terror şəbəkəsinin Türkiyə Ordusunun daxilinə sızmış xainlərin əli ilə çevrilişə cəhd göstərildikdə də demokratiyanın, insan haqlarının və hüquqi dövlətinin yanında yer almadı. Avropanın bəzi ölkələrində isə oradakı bir sıra mərkəzlərin himayə etdiyi o xainlərin ifşa olunmalarına çox üzüldülər. Avropa Parlamentinin 750-yə yaxın deputatına şəxsən məktub göndərməyimə baxmayaraq, bu alçaq və qanlı çevriliş cəhdini qınayan bir mesaj da almadıq.

Son hadisələrdən də göründüyü kimi, Avropa bu gün həqiqətən, acınacaqlı vəziyyətdədir.

Qeyd edək ki, aprelin 16-da keçiriləcək Konstitusiya referendumunda “Evet” nəticəsi çıxmasından qorxurlar. Çünki bu dəyişikliklər Türkiyənin dayaqlarını xeyli gücləndirəcək, xarici müdaxilələrə qarşı müdafiəsini daha da möhkəmləndirəcək. Ona görə də “Xeyr” kampaniyalarına hər cür açıq dəstək verərək, insani dəyərləri tapdalamaq və nüfuzlarını itirmək bahasına da olsa,“Evet” kampaniyalarını əngəlləyirlər”.

Yeniçağ.Az