TBMM sənaye, ticarət, enerji, təbii qaynaqlar, informasiya və texnologiya komissiyasının sədri Ziya Altunyaldız Yenicag.az-a açıqlama verib.
Beynəlxalq ticarət sahəsində əhəmiyyətli araşdırmaları olan AK partiyanın Konyadan olan millət vəkili və komissiya sədri Ziya Altunyaldız, Qətərə tətbiq olunan embarqoların müasir beynəlxalq sistemdəki əlaqə formalarına uyğun gəlmədiyini qeyd etdi:
“Osmanlı imperiyasının mirası olan bölgələrdə baş verən hadisələr bizi də yaxından maraqlandırır. Konkret dəlillər olmadan bölgə ölkələrinə qarşı daha əvvəl də müxtəlif ittihamların səsləndirilməsinə şahid olmuşduq. Birinci növbədə nəzərinizə çatdırım:
Türkiyə regionla öz maraqları və kommersiya qayğılarını əsas götürərək davranmır. Qısa müddət ərzində Qətərə tətbiq olunan təcridedici siyasət bizi təəccübləndirdi. Hadisələri məqsədəuyğun şəkildə qiymətləndirən cənab prezidentimiz Qətərə verdiyimiz dəstəyin davam edəcəyini bir neçə dəfə vurğuladı.
Xarici işlər nazirimizin Qətər səfərinin də müsbət nəticələr verəcəyinə inanırıq. Müasir dövrdə problemlər təhdid və təcrid siyasətilə həll edilə bilməz. Daha əvvəlki nümunələr göstərir ki, bu siyasət daha mürəkkəb problemlərin yaranmasına səbəb olur. Buna görə də biz Türkiyə olaraq Qətər böhranının danışıqlar yolu ilə həll edilməsi üçün nə lazımdırsa edəcəyik”.