Türkiyənin sabiq Avropa İttifaqı naziri, keçmiş səfir, TBMM Xarici İşlər Komitəsinin sədri Volkan Bozkır Türkiyənin Qərb müttəfiqləri ilə əlaqələrində yaranmış son vəziyyəti Yenicag.az-a şərh edib.
“Türkiyə öz təhlükəsizliyini təhdid edən terror təşkilatının Suriyadakı varlığını bitirmək məqsədilə dəqiqliklə işləyib-hazırladığı əməliyyat planını uğurla həyata keçirir. Avropa İttifaqı ölkələrinin bu əməliyyata qarşı münasibətinin normal olduğunu görürük. Çünki Türk Silahlı Qüvvələrinin bu əməliyyatdakı əsas məqsədi heç bir sivil vətəndaşa zərər vermədən terror təşkilatını regiondan təmizləməkdir. Qərb də bunu yaxşı bilir ki, biz mülki vətəndaşlara qarşı çox diqqətcilik və onları ən yaxşı şəkildə qoruyuruq”.
Bozkır Türkiyə və ABŞ arasındakı münasibətlər barədə bunları deyib:
“Köhnə müttəfiqimiz ABŞ ilə yaşadığımız bəzi anlaşılmazlıqlara gəldikdə demək istəyirəm ki, regionda və dünyada baş verən siyasi proseslərdə bu iki ölkənin bir-birinə ehtiyacı var. Son illərdə onlar da başa düşür ki, Türkiyənin gücünü sınamaq mümkün deyil. Keçmiş müttəfiqimizin terrorçuları dəstəklədiyini düşünmək də istəmirik, amma belə olan halda Türkiyə lazımi addımları atmaqdan çəkinməyəcək. İnanırıq ki, müttəfiqlərimiz bizi başa düşəcək və regiondakı terror təşkilatlarına qarşı bizimlə birgə mübarizə aparacaqlar”.