!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Teatrlar yeni mövsümü hansı tamaşalar ilə açacaq? – Afişa

!Reklam – Yazi

Sentyabr ayı başlandığından teatrlar artıq yeni mövsümə hazırlaşır. Bəs teatrlar yeni mövsümü hansı tamaşalar ilə açacaq?

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 86-cı teatr mövsümünü sentyabrın 16-da açacaq. Həmin gün S.Marşakın “Pişiyin evi” tamaşası nümayiş olunacaq. Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli tamaşa kuklalarla yanaşı, canlı planda aktyor oyunu üzərində qurulur. Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdur.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır. Rolları Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynov ifa edirlər.

Akademik Milli Dram Teatrı isə yeni teatr mövsümünü sentyabrın 22-də “Qarabağnamə” tamaşası ilə açacaq. Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

Rus Dram teatrı da yeni mövsümü sentyabrın 16-da Ejen İoneskonun pyesi əsasında hazırlanmış “Mərasim” absurd tamaşasının premyerası ilə açacaq. Səhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Tamaşada xalq Artisti Fəxrəddin Manafov, əməkdar Artist Mehriban Zəki, Oleq Əmirbəyov, Mariya Dubovitskaya və başqaları iştirak edəcək.

Dövlət Gənc Tamaşaçılar Teatrı isə artıq yeni 90-cı mövsümə start verib. Teatrın yaydığı məlumata görə noyabr ayında Bakı Yunis Əmrə İnstitutu ilə birgə “Koroğlu” dastanının motivləri əsasında hazırlanacaq “Eşqi nigar” tamaşasının premyerası nəzərdə tutulub. Eyni ayda digər premyera isə C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində” adlı tamaşa olacaq. İlin sonunda isə “Qar kraliçası” adlı tamaşa təhvil veriləcək. Sentyabrın 7-dən 14-dək kollektiv “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Sentyabrın 1-6-sı tarixlərində kollektiv Kalmıkiya Respublikasında keçiriləcək “Uşaq və yeniyetmələr üçün” Beynəlxalq teatr festivalına dəvət alıb. Festivalda kollektiv Abdulla Şaiqin “Tıq-tıq” xanım tamaşası ilə çıxış edəcək.

www.yenicag.az

2384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv