Teatrlarla bağlı QADAĞA – Bu insanlar tamaşa zalına buraxılmayacaq – ACIQLAMA

“COVID pasportu olanlar ara məsafə gözlənilmək şərti ilə tamaşa zalına buraxılmaq hüququ qazanacaqlar”.

Bunu Yenicag.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən oktyabrın 1-dən açılan Gənc Tamaşaçılar Teatrının hansı qaydalar əsasında fəaliyyət göstərəcəyi barədə danışarkən teatrın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov deyib.

N.Kazımov teatrda təmir işləri aparıldığı üçün tamaşaçıları digər teatrların səhnəsində salamlayacaqlarını bildirib:

“Teatrda təmir işləri aparıldığı üçün yalnız kiçik zalda tamaşalar oynanılacaq. Tamaşalarımız Kukla Teatrı və Mahnı Teatrının səhnəsində təqdim olunacaq. Teatr tələb olunan qaydalara riayət edərək fəaliyyətini davam etdirəcək. Məşqlər zamanı maskalardan istifadə olunacaq, məsafə qorunacaq. Hərarəti olan aktyorlar məşqə buraxılmayacaq. Tamaşa zalına ara məsafə gözlənilmək şərti ilə COVID pasportu olanlar qatılmaq hüquq qazanacaqlar”.

Rejissor onu da qeyd edib ki, yaradıcı heyət oktyabrın 15-i Rəşid Behbudov adına Mahnı Teatrında səhər uşaqlar üçün “Tıq-tıq xanım”, axşam isə böyüklər üçün “Varislər” tamaşasının premyerası ilə tamaşaçıları salamlayacaq.

Cəvahir