TƏBİB-dən Oktay Gülalıyevlə bağlı AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin (TƏBİB) hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün təhkim olunan tibb işçilərinə maaşlarının verilməməsi ilə bağlı deyilənlərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, TƏBİB-dən qeyd olunub ki, O.Gülalıyevin müalicəsi üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.

“Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir. Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir”- deyə məlumatda bildirilir.

Qeyd edək ki, hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbuk sosial şəbəkəsində atasına baxan tibb işçilərinə üç aydır maaşlarının verilməməsini və bu səbəbdən müalicənin dayandırılması ilə bağlı paylaşım etmişdi./Report/