TƏBİB-dən təxliyə olunan uşaqların vəziyyəti ilə bağlı AÇIQLAMA – YENİLƏNİR + FOTO/VİDEO

“Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub”.

Yenicag.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal Mərkəzindəki yanğından sonra təxliyə edilənlərin son durumu haqqında danışarkən deyib.

O qeyd edib ki, hazırda təxliyə edilənlərin vəziyyəti tam nəzarətdədir:

“Onların müalicələri davam etdirilir. Vəziyyətlərində heç bir ağırlaşma müşahidə edilmir”.

***

14:22

“KTM-ə gətirilən 15 uşaqdan səkkizi reanimasiyaya yerləşdirilib. Onlardan altısının vəziyyəti ağırdır”.

Bunu Oxu.Az-a açıqlamasında KTM-in Yenidoğulmuşlar Şöbəsinin uzman pediatr neonatoloqu Aysel Qədimova deyib.

O bildirib ki, gətirilən uşaqlardan heç birində yanıq xəsarəti yoxdur:

“Uşaqlardan altısının vəziyyəti ağırdır. Onlardan üçü süni tənəffüs aparatına, üçü CPAP (ağciyərlərin süni havalandırılması rejimi aparatı – red.) aparatına qoşulub. Reanimasiyada olan uşaqların yaxın zamanda normal palataya köçürülməsi gözlənilmir. Digər yeddi uşaq isə intensiv nəzarət şöbəsindədir, ümumilikdə uşaqlardan altısı qız, doqquzu oğlandır”.

***

13:15

“Kliniki Tibbi Mərkəzə yanğın baş vermiş Perinatal Mərkəzdən gətirilən 15 uşaqdan 8-i reanimasiya şöbəsinə yerləşdirilib”.

Bunu Oxu.Az-a açıqlamasında KTM-in Yenidoğulmuşlar Şöbəsinin müdir əvəzedici Şəhla Abdullayeva deyib.

“Reanimasiyadakı uşaqların müalicələri davam etdirilir. Digər yeddi yenidoğulmuşun vəziyyəti stabildir, həkim nəzarətində saxlanılır”.

***

12:54


“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hadisə gecə baş verib:

“İlk olaraq növbətçi həkim yeddi dəqiqədən sonra otağa daxil olub. Aidiyyəti qurumlara məlumat verib və tədbirlər görülüb. Qısa müddət ərzində yanğın söndürülüb və digər şöbələrə yayılmasının qarşısı alınıb. Təəssüf ki, dörd körpənin həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisələri diqqətlə araşdırmaq üçün vaxt lazımdır. Təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək”.

 

***

12:32

“Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uşaqların ölüm səbəbi araşdırılacaq:

“Onların yanğından, yoxsa tüstüdən öldükləri araşdırılır”.

***

12:20

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gəliblər.

Yenicag.az xəbər verir ki, onlar hazırda hadisə yerinə baxış keçirirlər./qafqazinfo

  • Rəsmilər Perinatal Mərkəzdə - FOTOLAR
  • Rəsmilər Perinatal Mərkəzdə - FOTOLAR

 

***

10:38

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Bununla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) birgə məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunublar.

Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, üç nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

Qeyd edilib ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.

“Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda bildirilib.

***

09:34

“Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə edilən şəxslərin səhhətində heç bir problem yoxdur”.

Bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu bildirib.

Onun sözlərinə görə, hələlik mərkəzdə qalanlar var:

“Həmin şəxslərin də təxliyəsi planlaşdırılır. İndiyə kimi 100-dən çox şəxs təxliyə olunub. Səhhətlərində heç bir problem yoxdur. Yenidoğulmuşlar, hamilə və zahılar Sabunçu, Kliniki, Xətai Tibb mərkəzlərinə və digər iki xəstəxanaya tam təhlükəsiz şəraitdə göndəriliblər”.

Qeyd edək ki, hazırda təxliyə prosesi davam edir.

İlkin ehtimala görə, yanğına səbəb kimi qısaqapanma olduğu bildirilir.


***
08:11

Bu gün səhər saatlarında Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.

Onun sözlərinə görə, yanğın bir otaqda 35 kv.m sahəni əhatə edib. Binanın üçüncü və dördüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunublar.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayını açıqlayıb.

Onun sözlərinə görə, RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. TƏBİB rəhbəri vurğulayıb ki, xəstələrin təxliyəsi davam edir.

Eyni zamanda yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyə-xilasetmə tədbirlərində fəal iştirak ediblər. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

Baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər. Bu barədə Baş Prokurorluq məlumat yayıb. “Zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir”, – deyə məlumatda qeyd olunub.

COP29