TƏBİB-in sünnət prioriteti və səhiyyəmizin “inkişaf”ı – Rəfi Müslümov yazır

Bu gün xəbər saytlarını dolaşarkən sünnət əməliyyatlarının İcbari Tibbi Sığorta Agentliyi tərəfindən təminata alınacağına dair bir xəbər oxudum. Doğrudur, bu xəbər bir tərəfdən, məni güldürdü, digər tərəfdən də, nə yalan deyim, buna rişxənd etmədim desəm, yalan olar.

Sözsüz ki, sünnət əməliyyatının TƏBİB tərəfindən İcbari Tibbi Sığorta (İTS) sisteminə daxil edilməsi məsələsi cəmiyyətdə bir çox suallar doğurur. Bir də ki, İcbari Tibbi Sığortanın əsas məqsədi vətəndaşlara zəruri tibbi xidmətləri əlçatan etməkdir, lakin sünnət kimi cərrahi müdaxilələrin bu siyahıya daxil edilməsi bir az gülməli səslənir. Hər kəsin qəbul etdiyi kimi, Azərbaycanda sünnət tibbi zərurətdən daha çox dini bir proses kimi icra edilir – xalqımızın mentalitetində “sünnət toyu” kimi absurd bir ənənə də mövcuddur. Maraqlıdır, İcbari Tibbi Sığorta sisteminin resurslarının məhz vacib sağlamlıq problemlərinə yönəldilməli olduğu bir zamanda niyə sünnət? Hə, deyə bilərsiniz ki, ölkədə on minlərlə kasıb ailələr var ki, övladlarını sünnət etdirə bilmirlər. Tamam, bu məsələdə sizinlə həmfikirəm, bəs göz, bəs diş, bəs digər vacib olan əməliyyatlar? Niyə bunlar yox, amma sünnət?!

Mənə elə gəlir ki, bunun İcbari Tibbi Sığorta çərçivəsində maliyyələşdirilməsi onsuz da məhdud olan səhiyyə resurslarının boşuna israf edilməsinə gətirib çıxara bilər. Yəni daha vacib cərrahi əməliyyatlara, xroniki xəstəliklərin müalicəsinə və ya həyat qurtaran tibbi yardımlara ehtiyac duyan vətəndaşlar üçün artıq resurs çatışmazlığı yaşanarkən, sünnət əməliyyatları üçün əlavə maliyyə ayrılması, inciməyin, bir az məntiqsiz görünür. Görünən odur ki, TƏBİB burada da nələrsə etməyə çalışır. Bunu da buraxaq onların insafına…

Xanımlar və cənablar, sözümün canı odur ki, İcbari Tibbi Sığortanın prioritetləri aydın şəkildə müəyyən edilməli və resurslar ən təcili və zəruri tibbi ehtiyaclara yönəldilməlidir. Xəstələrin bəzən çətinliklə aldıqları tibbi xidmətlər nəzərə alınaraq, sünnət əməliyyatlarına üstünlük verilməsi daha geniş sağlamlıq problemlərinin arxa planda qalmasına səbəb ola bilər. Məsələn, bu gün ölkəmizdə onkoloji, uroloji kimi ağır əməliyyat tələb edən xəstələr çox vaxt resurs və yaxud vaxt çatışmazlığı ilə üzləşir. Bu kimi qlobal problemlər fonunda sünnətin maliyyələşdirilməsi isə səhiyyə sistemində üstünlüyün qarışdırılması təəssüratını yaradır.

Qısacası, Azərbaycan səhiyyəsindəki mövcud durum onsuz da acınacaqlı vəziyyətindədir. Odur ki, İTS-in xidmət zərfinə daxil olan bəzi xəstəliklərin müayinəsində pasiyentdən “şirinlik” dilənən “həkimlər”in olduğu bir ölkədə səhiyyə sahəsinə TƏBİB-in rəhbərlik etməsi elə “inkişaf”ın hansı dərəcə olmasını göstərir…

COP29