“Rəsmi Bakı malik olduğu imkanlar çərçivəsində optimal sayıla biləcək bütün addımları atmaqdadır”.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı separatçı hərəkatın 35-ci illiyi ilə bağlı göndərdiyi “təbrik”in səbəblərini və mümkün nəticələrini dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Paşinyan bu təbriki ilə ilk növbədə xain və satqın ləkəsini üzərindən təmizləməyə çalışır:
“Ermənilərin separatçı hərəkatının 35 illiyi ilə bağlı təbrik ünvanlayan Paşinyan bununla ilk növbədə öz reputasiyasını təmizləməyə çalışır. Bildiyiniz kimi, 44 günlük müharibənin gedişində, eləcə də savaşdan sonra erməni cəmiyyətində onun xain və satqın obrazı formalaşıb, işğal edilmiş ərazilərin itirilməsinə görə Ermənistanın Baş naziri sərt şəkildə ittiham olunurdu. Paşinyan bu təbriki ilə həmin ləkəni üzərindən təmizləməyə çalışır və ermənilərə göstərmək istəyir ki, onun fəaliyyətində Qarabağ amili həmişə ön plandadır.
Digər tərəfdən, Paşinyan bu addımı ilə nümayiş etdirməyə çalışır ki, öz tərəfdaşları ilə imzaladığı anlaşmalara sadiqdir və Qərbin Cənubi Qafqazda möhkəmlənməsi üçün ondan asılı olan hər şeyi etməkdədir. Başqa sözlə, Paşinyan bununla Azərbaycan, Türkiyə və Rusiya ilə deyil, məhz Qərblə işləməyə davam edəcəyini göstərir. Paşinyanın bu jestlə diqqətə çatdırmaq istədiyi məqamlardan biri də budur ki, Münxen Konfransındakı nəticələrdən asılı olmayaraq, İrəvan proseslərin onun maraqlarına uyğun getməsi üçün bacardığını edəcək.
Azərbaycana gəldikdə, Ermənistan hakimiyyətinin bu kimi fəaliyyətləri fonunda rəsmi Bakı malik olduğu imkanlar çərçivəsində optimal sayıla biləcək bütün addımları atmaqdadır. Bu siyasət öz nəticələrini də verməkdədir. Məsələn, bəlli “Vardanyan layihəsi”nin sonu yaxınlaşmaq üzrədir, ermənilər artıq Laçın-Xankəndi yolundan istədikləri kimi istifadə edə bilmirlər və ən əsası, beynəlxalq ictimaiyyət Azərbaycanın şərtlərini qəbul etməyə hazırdır. Sadəcə, indiki vəziyyətdə ən zəif tərəfimiz olan dünya ictimaiyyətinin yetərli səviyyədə məlumatlandırılması işində effektivliyi artırmaq lazımdır”.
A.Zeynalov