“Təcili tibbi yardımda həkim çatışmazlığı kritik səviyyədədir” – Ekspertdən HƏYƏCAN TƏBİLİ / VİDEO

“Xəstəxanalarda tələbələrin deyil, təcrübəli həkimlərin bacarığından istifadə olunmalıdır”.

Son günlər koronavirus pandemiyası fonunda cəmiyyətdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Artıq ictimai rəydə adları çəkilən hər iki qurumun fəaliyyətinin sadəcə, formal xarakter daşıdığı fikri getdikcə möhkəmlənir.

Tibb eksperti Rasif Bağırov mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, pandemiya şəraitində Səhiyyə Nazirliyi ilə TƏBİB-in fəaliyyətində idarəetmənin düzgün qurulmaması koronavirusa yoluxma və müalicə ilə bağlı vəziyyəti daha da kəskinləşdirir:

“Səhiyyə Nazirliyi ilə TƏBİB arasındakı münaqişə ümumi işə ziyan vurur. Yaranmış şəraitdə insanların təcili tibbi yardıma müraciəti ilə bunun qarşılığında onlara edilən yardım qətiyyən adekvat deyil.

Mövcud vəziyyətdə təcili tibbi yardımda həkim çatışmazlığı kritik səviyyədədir. Eyni zamanda, xəstəxanalarda təcrübəli həkimlərin bacarığından istifadə etməkdənsə, Tibb Universitetinin yuxarı kurs tələbələrinə yer verilməsi düzgün deyil.

Bu tendensiyanı dayandırmaq və tibbi maskalardan düzgün istifadə etməklə, koronavirusa yoluxmanın miqyasını kiçiltmək olar. Əks halda, vəziyyət daha da pisləşəcək”.

Gülşən Şərif