Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rzayev Xəyal Kamal oğlu müəssisəyə qəbul olunarkən əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarının içində gizlətdiyi sellofan bükülüdə 0,05 qram heroin aşkar edilib.
Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Babayev Zahir Mayis oğlu müəssisəyə qəbul olunarkən əşyalarına və üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibində gizlətdiyi sellofan bükülüdə 1 qram tiryək aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.