“Tədbir görməsək, iqlim dəyişikliyinin dağıdıcı təsirləri bütün dünyada normaya çevriləcək” – Nazir

Təkcə bu il iqlim dəyişikliyinin su və kənd təsərrüfatına dağıdıcı təsirləri və onun gətirdiyi fəlakətlərlə bağlı çoxlu nümunələr var. Bu ilin əvvəlində yağıntıların az olması Afrikanın cənubunda məhsulun sıradan çıxmasına səbəb olub və təxminən 20 milyon insan ac qalmaq riski ilə üzləşib. Eyni zamanda, su qıtlığı Zambiya, Zimbabve və Malavidə vəba xəstəliyinin yayılmasına səbəb oldu və hər üç ölkədə fəlakət vəziyyəti elan edildi.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə çıxışı zamanı deyib.

Nazir fikirlərinə belə davam edib: “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və işçi qüvvəmizin üçdə birindən çoxunu təşkil edir. Lakin son illərdə yağıntılar orta hesabla təxminən 10 faiz azalıb. Bu, məhsuldarlığı azaldır və məhsul yığımını təsir edir. Özünəməxsus ekosistemi olan Xəzər dənizinin səviyyəsinin azalması dəniz və sahilyanı ərazilərin ekosisteminə, biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərir.

Əgər tədbir görməsək, həmin dağıdıcı təsirlər bütün dünyada normaya çevriləcək. İqlim dəyişikliyinin bəzi şiddətli quraqlıqların 100 dəfə daha tez-tez baş verməsinə səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə artmasının daha 200 milyon insanı aclığa sürükləyəcəyi proqnozlaşdırılır. Su və kənd təsərrüfatı sistemləri ilə bağlı gərginliklər daha da çətinləşəcək. Odur ki, dəyişən iqlimə uyğunlaşmaq üçün davamlı qida və su sistemləri qurmalıyıq. Bu, daha çox maliyyə, tədqiqat və yeni sistemlərin tətbiqi deməkdir”.

COP29