“Həmin içkilər istər-istəməz insan bədənindən kalsium-maqnezium və ümumi mineral mübadiləsinə də təsir göstərir”.
Bu fikirləri verilən tövsiyələrə baxmayaraq, energetik içkilərdən istifadə hallarının azalmaq əvəzinə artması və onların insan orqanizminə zərəri haqda danışan terapevt-qastroenteroloq Mətanət Cəfərova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, belə içkilər ürək qan-damar xəstəliklərinin yaranması riskini artırır:
“Fikrimcə, enerji içkiləri nə qədər keyfiyyətli olsa belə, yenə də zərərlidir. Bu içki növü ürək qan-damar xəstəliklərinin yaranması riskini artırır.
Eyni zamanda, qaraciyərə və emosional psixoloji sferaya təsir göstərir. Bu içkilər insanda həm də ciddi asılılıq yaradır”.
Həkim belə içkilərin çox miqdarda qəbulunun orqanizmə digər təsirlərindən də bəhs edib:
“Energetik içkilərin ziyanlarının təsiri onlardan istifadənin müddəti və dozasına bağlıdır. Gün ərzində çox miqdarda istifadə olunarsa və bu, uzun müddət davam edərsə, o zaman ziyanı da daha çox olacaq.
Bu içkilərin tərkibində şəkərin miqdarı yüksək olduğuna görə mədəaltı vəzi ilə bağlı pakereatit riskini artırır. Hətta bunun dayaq-hərəkət aparatı və oynaq sisteminə də ciddi təsiri var.
Həmin içkilər istər-istəməz insan bədənində kalsium-maqnezium və ümumi mineral mübadiləsinə də təsir göstərir. Bu da gələcəkdə onurğa-sümük, oynaq aparatında dəyişikliklərə gətirib çıxara bilər”.
İsmayıl Bakuvi