Tədris ili bitmədən keçirilən BURAXILIŞ İMTAHANI: “Məktəb abituriyentin universitetə qəbul olmasına maneə yaradır”
“Bu gün repetitor köməyi olmadan abituriyentin ali məktəbə qəbul olması qeyri-mümkündür”.
Bu fikirləri məktəblərdə buraxılış imtahanlarının tədris ili tam bitmədən keçirilməsi barədə danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, tədris edilməyən mövzular imtahana salınmır:
“Dövlət İmtahan Mərkəzi 2024 cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb. İmtahanların buraxılış siniflərində keçirilməli olan bütün mövzuların tam tədris edilmədən keçirilməsi valideynlər, şagirdlər və eləcə də müəllimlər tərəfindən birmənalı qarşılanmır. Lakin bu məsələ qorxu, narahatlıq və çaşqınlıq yaratmamalıdır. Çünki tədris edilməyən mövzular imtahana salınmır. Bu təcrübə xarici ölkələrdə də var.
Xatırladım ki, buraxılış imtahanlarına salınan fənlərdə əsas bilik-bacarıqlar formalaşmış olduğuna görə imtahanın mart-aprel aylarında keçirilməsi problem yaratmır. Nəzərə almaq lazımdır ki, buraxılış imtahanlarında şagirdlərə təqdim edilən açıq tipli qiymətləndirilmə vəsaitlərinin yoxlanılması çox müddət aldığı üçün imtahanların mart ayında keçirilməsi həm də zərurətdən ortaya çıxır.
Biz düşünürük ki, imtahanların tədris ili yekunlaşmadan keçirilməsi şagirdləri dərsdən kənarlaşdırır. Buraxılış imtahanlarının tədris ilinin yekunlaşmadan keçirilməsi şagirdlərin dərsə getməməsi üçün bəhanə olmamalıdır. Tədris ili iyun ayının 14-ü başa çatır və şagird həmin dövrə qədər dərslərinə davam etməlidir ki, onun illik qiymətləndirilməsi aparılmaqla yekun attestat sənədi təqdim olunsun.
Bu gün repetitor köməyi olmadan abituriyentin ali məktəbə qəbul olması qeyri-mümkündür. Hazırda orta məktəb abituriyentin ali məktəbə qəbul olmasında maneə roluna malikdir. Əgər abituriyent 3-cü qrupa hazırlaşırsa, fizika, biologiya kimi fənlər ona maneə olur”.
Ekspert İlham Əhmədov isə imtahanın ilkin mərhələsi keçirildikdən sonra şagirdlərin digər materialları oxumağa həvəssiz yanaşdığını vurğulayıb:
“Buraxılış imtahanların dərs proqramı bitmədən erkən keçirilməsi təhsilə ziyan vurmaq məqsədi ilə deyil, texniki məqsədlərlə bağlıdır. Fikrimcə, bu hal Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında müzakirə edilməli, abituriyentin ziyan görməyəcəyi müəyyən həll yolu tapılmalıdır. Keçirilən ilkin imtahana o vaxta qədər keçirilən materiallar daxil edilir. Burada əsas problem ondadır ki, abituriyent ilkin mərhələdə imtahanı verdikdən sonra digər oxu materiallarını oxumaqda həvəssiz olur. İkinci mərhələdə isə birinci mərhələdə salınmayan suallar ola bilər”.
İsmayıl Bakuvi