!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tədrisi dayandırmayan özəl məktəblər necə cəzalandırılacaq? - Keçmiş təhsil nazirindən REAKSİYA/VİDEO

!Reklam – Yazi

Nazirlər Kabinetinin bu il martın 2-də qəbul etdiyi qərarına əsasən, koronavirus təhlükəsi ilə əlaqədar ölkənin orta və ali məktəblərdə, həmçinin özəl və dövlət məktəbəqədər təhsil müəssisələrində martın 3-dən 9-dək dərslər dayandırılıb.

Lakin bəzi özəl təhsil müəssisələri Nazirlər Kabinetinin bu qərarına məhəl qoymayaraq, tədris prosesini davam etdirməkdədir.

Hökumətin dərslərin dayandırılması haqda qərarına əhəmiyyət verməyən müəssisələr sırasında olan NARINC Uşaq Psixologiya Mərkəzi isə hətta “tabesizlik nümunəsi”ni açıq şəkildə reklam etməkdən belə çəkinmir.

Təbii ki, nəzərdə tutulan təhsil müəssisələrinin sözügedən qərara tabe olmamağı haqlı narazılıq doğurmaqla yanaşı, həm də onların məsuliyyət məsələsini diqqət mərkəzinə gətirir.

Keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında bəzi özəl məktəblərin Nazirlər Kabinetinin məlum qərarını pozaraq, dərsləri dayandırmamasının konkret məsuliyyət yaratdığını bildirib:

“Əslində, belə bir vəziyyətdə dərslərin dayandırılması çox doğru addımdır və ona əməl edilməlidir. Digər tərəfdən, hökumətin qərarında heç bir istisna yoxdur ki, özəl məktəblərdə dərslər dayandırılmasın. Bu, orada oxuyan şagirdlərin sağlamlığına təhlükə yaradan haldır.

Ona görə də, həmin məktəblərin rəhbərliyinə xəbərdarlıq edilməlidir. Bu da təsir göstərmədikdə, onların məsuliyyət məsələsinə baxılmalı və cəzalandırılmalıdır”.

Bu barədə Yenicag.az-a danışan təhsil eksperti Elçin Əfəndi də bəzi özəl tədris müəssisələri, hazırlıq kursları və psixologiya mərkəzlərinin rəsmi qərara əməl etməməsinin yolverilməz olduğunu deyib.

Ekspertin fikrincə, məktəblərlə yanaşı, hətta repetitorlar da dərslərə fasilə verməlidirlər:

“Təhsil Nazirliyi və Nazirlər Kabinetinin tədrisin dayandırılması haqda qərarı vaxtında verilib.

Çünki virus təhlükəsi ilə əlaqədar tədris ocaqlarında davamiyyət onsuz da xeyli aşağı düşmüşdü. Ümumiyyətlə, dərs prosesinin mart ayının 10-na kimi dayandırılması zəruri addım idi.

Eyni zamanda, ev şəraitində dərs keçən müəllimlər də qəbul olunan qərara əməl etməli və fəaliyyətlərinə müvəqqəti ara verməlidirlər”.

Elçin Əfəndi hesab edir ki, Nazirlər Kabinetinin qərarına əməl etməyən özəl tədris müəssisələri cərimələnə bilər:

“Ötən gün valideynlər “Nömrə 1” tədris mərkəzində qəbul olunan qərara əməl edilməməsindən şikayətlənirdilər.

Ancaq bütün hallarda istər dövlət, istərsə də özəl təhsil müəssisələri Nazirlər Kabinetinin qərarına hörmətlə yanaşmalıdırlar.

Bu qərara əməl etməyən özəl təhsil müəssisələri rəsmi qərarın yerinə yetirilməməsi müddəası ilə cərimələnə bilrələr. Eyni zamanda, həmin məktəblər barəsində daha sərt tədbirlərin görülməsi də mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

3301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv