Təhlükə yaradacaq hədəflər… – “Sərhəddə lokal toqquşmalar ola bilər”

“İndiki məqamda total müharibənin olacağı gözlənilmir”.

Bu sözləri Ermənistan Azərbaycan arasında gərginlik, sərhəd istiqamətinə qoşun cəmləşdirilməsi və bunun nəticələrini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, sərhəddə lokal toqquşmalar mümkündür.

“Naxçıvan istiqamətində atəşkəs pozulub. Ermənistanın sərhədə texnikalar, artileriya qurğularını yerləşdirməsi, mühəndis-istehkam işləri aparaması gərginliyə gətirib çıxarır. Bunun qarşılığında Azərbaycan da alternativ addım atmalıdır. Bu gərginlik böyüyə, atəşkəsin tez-tez pozulmasına və qısa müddətli sərhəd toqquşması ola bilər. Azərbaycan tərəfi qeyd etdi ki, Ermənistan tərəfi baş verəcəklərə görə məsuliyyət daşıyacaq. Bu o deməkdir ki, təhlükə yaradacaq hədəflər legitim sayılacaq və onlar vurula bilər”, – deyə o əlavə edib.

R.Məhərrəmov bildirib ki, Ermənistanın bu addımları Brüssel görüşü ərəfəsində baş tutur.

“Görüş ərəfəsində atəşkəsin pozulmasını, gərginliyi Ermənistan Azərbaycanın üzərinə atacaq ki, Qərblə Azərbaycanı üz-üzə qoysun. Azərbaycan təxribata yol verməz. Lokal toqquşmalar olsa bu Ermənistana çox ağır başa gələr. İndiki məqamda ciddi döyüşlərin olmasını gözləmirəm. Ancaq gərginlik davam edərsə, lokal toqquşmaların şahidi ola bilərik”, – hərbi ekspert yekunlaşdırıb.

Səxavət Məmməd