Təhlükəsizlik kəmərinə görə yeni cərimələr – “Yalnız sürücülər deyil, sərnişinlər də…”

“Avtomobillərdə təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlər 30 manat məbləğində cərimə olunacaqlar”.

Ölkə ərazisində martın 15-dən etibarən, başlayan təhlükəsizlik tədbirləri zamanı arxa və ya qabaq oturacaqdan asılı olmayaraq, hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Nəqliyyat eksperti Azər Allahverənov Yenicag.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin təhlükəsizlik kəmərindən istifadə qaydalarının pozulmasına görə müəyyənləşdirdiyi məsuliyyət tədbirlərini şərh edib.

Ekspertin sözlərinə görə, qanunvericilikdə nəqliyyat vasitələrində təhlükəsizlik kəmərindən istifadə ilə bağlı vacib müddəalar var. Təəssüf ki, əksər sürücü və sərnişinlər o qaydalara əməl etmirlər:

“Təhlükəsizlik kəməri dedikdə, nədənsə, vətəndaşlarımızın ağlına ilk olaraq, sürücülər gəlir. Halbuki qanunvericilikdə təhlükəsizlik kəmərindən istifadə tələbi yalnız sürücülərə şamil edilməyib.

“Yol hərəkəti haqqında” qanunun 41-ci maddəsinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsində hər bir sərnişin təhlükəsizlik kəmərini mütləq bağlamalıdır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə, sürücülər təhlükəsizlik kəməri taxmalıdır.

Əks halda, sürücü 40 manat cərimə olunacaq. Bununla yanaşı, nəqliyyat vasitəsində kəmər varsa və avtomobildəki sərnişin onu bağlamırsa, İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, sərnişin inzibati məsuliyyətə cəlb ediləcək”.

Gülşən Şərif