“Təhlükəsizliklə bağlı təhdidlər var” – Prezident

“Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar”.

Yenicag.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

“Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var – real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. İctimaiyyət də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir.

Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm Azərbaycan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar. Amma mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur.

Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır”, – deyə dövlət başçısı bildirib.

 

COP29