Təhlükəyə çevrilən fəvvarələr və cavabsız zənglər… – VİDEOREPORTAJ

Paytaxt Bakıda olan fəvvarələrdən, onların yay günlərində işə salınmamasından istər “Yeni Çağ” Media Qrupu olaraq biz və istərsə də digər mətbuat orqanları dəfələrlə yazılar yazıb, müxtəlif materiallar hazırlayıblar. Lakin bizim bu dəfə diqqət çəkəcəyimiz məqam tamamilə başqadır.

Belə ki, şəhərdə olan bir çox fəvvarələr qəzalı vəziyyətdədirlər. Onların bu vəziyyətdə olması isə şəhər sakinləri üçün bir təhlükəyə çevrilib. İllərdən bəri təmir olunmayan, uçulub-tökülən fəvvarə hovuzları, yararsız vəziyyətdə olan borular və daha nələr, nələr. Bütün bunlar isə şəhərin görkəmini korlamaqla yanaşı, həm də insanların həyatı üçün təhlükəyə çevriləcək qəzalı vəziyyətlərin yaranmasına gətirib çıxarır.

Yaranmış suallarla və mövcud durumla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nəzdində fəaliyyət göstərən Bakı Şəhər Fəvvarələrinin İstismarı idarəsinə zəng etsək də, dəstəyi qaldıran olmadı. Sonra isə ümumiyyətlə nömrəyə zəng çatmadı.

Görünən odur ki, bu qurum gördükləri, daha doğrusu görə bilmədikləri işlərindən o qədər ehtiyat edirlər ki, hətta telefonu xətdən ayırmaqdan belə çəkinmirlər.

Ümid edirik ki, dəstəyi qaldıran olmasa da, xəbərimiz lazımi yerlərə çatar və mövcud problemlər tezliklə aradan qaldırılar.

Videomaterialı təqdim edirik:

Aqil Bəkir

COP29